Aprel 18, 2026-20:12
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Hikmət Hacıyev: Bölgənin problemlərini yalnız birgə səylərlə həll etmək mümkündür

Bölgənin problemlərini yalnız bölgə ölkələrinin birgə səyləri ilə həll etmək mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda keçirilən panel sessiyada bildirib.

O, Azərbaycanın bölgədə ölkələrin öz nizamını qurmalı olduğuna tərəfdar çıxdığını deyib:

“Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır”.

Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

“Türkiyə və Azərbaycan arasında bu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də bura daxil edə bilərik”.

Enerji təhlükəsizliyi məsələsinə də toxunan H.Hacıyev Azərbaycanın Xəzər dənizindəki karbohidrogen resurslarını bütün regionun rifahı üçün istifadə etmək niyyətində olduğunu bildirib:

“Biz enerji imkanlarımızı region ölkələrinin çıxarlarına xidmət edəcək şəkildə təqdim edirik. Bu cür təşəbbüslər vasitəsilə bölgələrarası rifahı təmin etmək mümkündür”.