1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan türkoloq alimlərin ilk dəfə vahid intellektual platformada bir araya gəldiyi mühüm elmi-mədəni hadisə idi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev söyləyib.
Folklor İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikri, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında Sərəncamı bu istiqamətdə həyata keçirilən tədbirlər üçün mühüm siyasi əsas yaradıb. Qurultayın 100 illiyi münasibətilə bu gün Azərbaycanda keçirilən tədbirlər isə ortaq türk keçmişindən gələn dəyərlərin ortaq türk gələcəyinə ötürülməsinə xidmət edir.
“Birinci Türkoloji Qurultayın əsas mövzularından biri əlifba islahatı və latın qrafikasına keçid olsa da, qurultayın əhəmiyyəti bununla məhdudlaşmırdı. Qurultayda tarixçilər, ədəbiyyatşünaslar, folklorşünaslar və digər elm adamları iştirak edərək türk xalqlarının keçmişi, bu günü və gələcəyi ilə bağlı mühüm elmi yanaşmalar formalaşdırmışdılar”, – deyə institut direktoru vurğulayıb.
H.Quliyev qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası, Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin Hacettepe Universiteti və digər tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium da həmin ideyaların davamıdır. Tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və digər ölkələrdən alimlər iştirak edirlər. Simpozium çərçivəsində təşkil olunan 12 panel iclasında türkologiya və folklorşünaslığın metodoloji və terminoloji problemləri, ortaq türk irsinin araşdırılması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə edilir.
Direktor bildirib ki, UNESCO nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə qeyri-maddi mədəni irsin qorunması, qloballaşma, rəqəmsallaşma və süni intellekt dövründə milli-mənəvi dəyərlərin yaşadılması kimi aktual mövzular da diqqət mərkəzindədir.
“Belə bir dövrdə milli kimliyimizi yaşadan əsas mənbələrdən biri folklordur. Türk dünyasını birləşdirən bu ortaq mənəvi irsin qorunması və inkişaf etdirilməsi baxımından belə beynəlxalq tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə Hikmət Quliyev fikrini yekunlaşdırıb.
