Hindistan Yaxın Şərq münaqişəsindən təsirlənən bütün ölkələrlə yaxşı münasibətləri sayəsində Hörmüz boğazından enerji resursları almağa davam edir. Bu barədə Hindistanın Türkmənistandakı səfiri Bəndər Vilsonbabu TASS-ın sualına cavab olaraq jurnalistlərə bildirib.
“Hindistan dünyanın ən çox əhalisi olan ölkəsidir və enerji resursları tələb edən sürətlə böyüyən iqtisadiyyatımız var. Enerjimizin təxminən 90%-ni digər ölkələrdən idxal edirik. Hörmüz boğazı bizim üçün strateji əhəmiyyət kəsb edir. Müharibədə iştirak edən ölkələrlə dostluq və tərəfdaşlıq münasibətlərimiz sayəsində, hətta bu çətin dövrlərdə belə, oradan neft və qaz alırıq. Regiondakı bütün ölkələrlə yaxşı münasibətlərimiz var”, – deyə o, Aşqabaddakı səfirliyin ev sahibliyi etdiyi Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramına həsr olunmuş tədbirin kənarında bildirib.
Səfir əlavə edib ki, hazırda Fars körfəzi ölkələrində təxminən 10 milyon Hindistan vətəndaşı yaşayır. “Bölgədəki, İrandakı münaqişə Hindistanın iqtisadiyyatına, bu ölkələrdə yaşayan Hindistan vətəndaşlarına və regional təhlükəsizliyə və sabitliyə mənfi təsir göstərir. Baş nazirimiz artıq İran prezidenti də daxil olmaqla, bütün [region] liderlərinə Hindistanın mövqeyini, yəni diplomatiya və dialoqa, münaqişənin sülh yolu ilə həllinə çağırış etdiyimizi çatdırmaq üçün zəng edib”, – deyə Vilsonbabu bildirib.
