Bu il Azərbaycanda 1,5 milyon hektardan çox torpaq sahəsinin suvarılması, 6,8 milyard kubmetr su təminatının reallaşdırılması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın sosial-iqtisadi inkişafı fonunda həm içməli, həm də suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olub: “Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir. Bu kanalın uzunluğu 204,3 kilometrdir. O, təxminən 228 min hektar torpaq sahəsinin suvarılmasına xidmət edəcək. Bu layihə çərçivəsində 112 min hektar mövcud torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 106 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək”.
