May 17, 2026-7:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol – ŞƏRH

2026:05:16 - 11:02
in MANŞET
A A

Qazaxıstanın Türküstan şəhəri mayın 15-də mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dünyasının gələcək rəqəmsal inkişaf vektorunu müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə reallaşan bu sammit TDT üzvlərinin birliyi, həmrəyliyi və qlobal arenada vahid güc mərkəzinə çevrilməsi yolunda atılan növbəti strateji addımdır. Görüşün ana xəttini “Süni intellekt və rəqəmsal inkişaf” təşkil edib.

Prezident İlham Əliyevin Türküstana səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə reallaşıb və bir daha göstərir ki, Bakı-Astana münasibətləri regional tərəfdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu iki dost ölkənin əlaqələri Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanı müəyyən edən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, son beş il ərzində Prezident İlham Əliyevin Qazaxıstana 8 rəsmi və işgüzar səfəri, həmçinin K.Tokayevin Azərbaycana 6 qarşılıqlı səfər liderlər arasındakı yüksək səviyyəli siyasi dialoqun, şəxsi etimadın və sarsılmaz iradənin bariz dinamikasını əks etdirir. Bu intensiv, məqsədyönlü təmasların məntiqi və hüquqi zirvəsi olaraq dörd il əvvəl imzalanmış Birgə Bəyannamə, Bakı ilə Astana arasındakı əlaqələri rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bu sənəd qlobal güc mərkəzlərinin rəqabət meydanına çevrilən regionumuzda həm siyasi, həm iqtisadi, həm də xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tam gücü ilə işə düşməsini şərtləndirən nəqliyyat-logistika sahəsində dərin, institusional inteqrasiyanı nəzərdə tutur. Paralel olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan-Qazaxıstan müttəfiqliyi iqtisadi maraqlar və rəsmi protokollar üzərində qurulmayıb. İki dost və qardaş xalq arasında uzun əsrlərə dayanan tarixi əlaqələr, sarsılmaz mənəvi bağlar mövcuddur. 2020-ci ildə Azərbaycan şanlı Zəfəri ilə işğal altındakı ərazilərini azad etdikdə Şuşa ilə qardaşlaşan ilk şəhər də məhz Türküstan oldu. Bu da öz növbəsində çoxəsrlik qardaşlığın və münasibətlərin dərinliyini nümayiş etdirir.

Prezident İlham Əliyev Türküstan sammitində geniş və olduqca strateji məzmunlu çıxış edib. Dövlət başçısı çıxışında həm Azərbaycanın rəqəmsal hədəflərinə, həm də türk dünyasının gələcək geosiyasi çəkisinə dair çox mühüm mesajlar verib. İlham Əliyevin irəli sürdüyü fundamental tezis Türk dünyasının XXI əsrdə qlobal arenada rəqabətədavamlı, nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi hədəfini ehtiva edir. Bu isə öz növbəsində Azərbaycan liderinin sadəcə birlik çağırışı deyil, həm də yeni dünya nizamının arxitekturasını müəyyən edən strateji doktrinadır. Azərbaycan Prezidenti çıxışında bu gün formalaşan çoxqütblü geosiyasi konyukturda türk dövlətlərinin müstəqil güc amili kimi möhkəmlənməsini xüsusilə vurğulayıb. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, TDT-yə üzv dövlətlər iqtisadi, rəqəmsal, nəqliyyat-logistika potensialını vahid mexanizm şəklində birləşdirməsi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Bakı və Astananın həyata keçirdiyi layihələr, xüsusilə “Orta Dəhliz”in rəqəmsal seqmentini təşkil edən Transxəzər fiber-optik kabel xəttinin inşası və Zəngəzur dəhlizinin perspektivləri türk dünyasını təkcə coğrafi baxımdan deyil, həm də qlobal ticarət və rəqəmsal data axınları səviyyəsində qovşaq nöqtəsinə çevirir. Yəni Prezidentin təklif etdiyi bu baxış, əslində, TDT-ni yalnız mədəni-tarixi platforma olmaqdan çıxararaq onu Şərqlə Qərb arasında yeni iqtisadi müvazinət yaradan, rəqəmsal suverenliyi təmin olunmuş və qlobal siyasi qərarların qəbuluna birbaşa təsir göstərən strateji tərəfdaşlıq ittifaqına çevirmək iradəsini nümayiş etdirir. Bu baxışın TDT platformasında təqdim edilməsi də səbəbsiz deyil. Çünki məhz Azərbaycanın TDT-yə sədrliyi dövründə real, icraolunan və genişmiqyaslı layihələrə keçid müşahidə edilib. Prezidentin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan türk dünyasının inteqrasiyasının sadəcə bir diplomatik hədəf olmadığını sübut edərək üzv dövlətlərin “ailə birliyi” fəlsəfəsinə söykənən fundamental geosiyasi reallığa çevirib. Azərbaycanın TDT-yə sədrliyi dövründə iqtisadi əməkdaşlığın genişlənməsi, gömrük və logistik prosedurların sadələşdirilməsi, rəqəmsal ekosistemin birgə inkişafı kimi təşəbbüslər reallaşıb. Bu isə üzv dövlətlərə qlobal böhranlar qarşısında vahid cəbhədən çıxış edən bir ailə ittifaqı kimi operativ qəbul və icra olunan qərarlar verməyə imkan yaradır.

Yuxarıda da qeyd edildiyi kimi, bu gün türk dünyasında birlik və vahid ailə modeli sadəcə bəyanatlarla məhdudlaşmır. Xüsusilə də Azərbaycanın moderatorluğu ilə qlobal miqyaslı nəhəng infrastruktur layihələri reallaşdırılır. Məsələn, Avropa və Asiyanı bir-birinə bağlayan tarixi İpək Yolunun “Rəqəmsal İpək Yolu” layihəsinin ana seqmenti Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər Fiber-Optik Kabel xəttinin artıq yaxın aylarda istifadəyə verilməsi Avrasiyanın geosiyasi xəritəsində yeni bir səhifə açacaq. Azərbaycan və Qazaxıstanın birgə səyi nəticəsində reallaşan bu layihə regionda rəqəmsal infrastrukturun inkişafı baxımından çox önəmlidir. Eyni zamanda, bu, TDT-yə üzv ölkələrin qlobal data axınlarında və rəqəmsal tranzitdə müstəqil operatora çevrilməsini təmin edir. Qərbə uzanan ənənəvi nəqliyyat və enerji dəhlizlərini rəqəmsal infrastrukturla tamamlayan bu layihə türk dünyasını qlobal rəqəmsal iqtisadiyyatın yeni mərkəzinə çevirir və Bakı ilə Astananın regionda yaratdığı texnoloji suverenliyin rəmzi kimi özünü göstərir.

Bu gün dünyada, əsasən də Yaxın Şərqdə gedən proseslər ənənəvi tranzit yollarında yaşanan təhlükəsizlik problemləri, qlobal tədarük zəncirlərinin qırılması fonunda Orta Dəhliz Şərqlə Qərb arasında ən qısa, təhlükəsiz və səmərəli marşruta çevrilir. Bu nəhəng logistik arxitekturanın tam gücü ilə fəaliyyət göstərməsi və rəqabət üstünlüyünün maksimallaşdırılması isə reallaşmaqda olan Zəngəzur dəhlizi layihəsini sadəcə regional deyil, qlobal miqyaslı geosiyasi zərurət kimi önə çıxarır. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Zəngəzur dəhlizinin böyük əhəmiyyətini dəfələrlə qeyd etməsi bir sıra ölkələrdə bu marşruta ciddi maraq yaradıb. Bu gün də ölkə başçısı Türküstanda bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən kritik və tamamlayıcı seqmentidir. Bundan əlavə, sözügedən marşrut türk dünyasının coğrafi bütövlüyünü təmin edir, nəqliyyat xərclərini azaldır və Asiyadan Avropaya daşınan yüklərin hərəkət dinamikasını sürətləndirir. Logistik və nəqliyyat infrastrukturunun fiziki baxımdan tamamlanması ilə yanaşı, bu nəhəng marşrutun rəqabət qabiliyyətinin qorunması Orta Dəhliz boyunca gömrük və inzibati prosedurların radikal şəkildə sadələşdirilməsindən və rəqəmsallaşdırılmasından birbaşa asılıdır. Bu məqsədlə də TDT-nin rəqəmsal doktrinasına uyğun şəkildə inteqrasiya edilən və tətbiq olunan “e-Permit”, yəni elektron icazə sistemi transsərhəd daşımalarda bürokratik maneələri aradan qaldıran bir təşəbbüsdür. Quru yolu ilə yükdaşımalar zamanı tələb olunan icazə blanklarının elektron qaydada doldurulması və operativ rejimdə təqdim edilməsi öz növbəsində gömrük-keçid məntəqələrində vaxt itkisini minimuma endirir. Paralel olaraq isə xərcləri azaldır, şəffaflığı maksimum səviyyəyə yüksəldir. TDT-yə üzv dövlətlərin gömrük orqanlarının vahid rəqəmsal ekosistemdə birləşdirilməsi Orta Dəhlizi təkcə coğrafi deyil, həm də inzibati cəhətdən qlobal ticarət üçün ən cəlbedici marşruta çevirir. Beləliklə, innovativ texnologiyaların gömrük idarəçiliyinə tətbiqi yükdaşımaların sürətini qat-qat artırmaqla, Prezident İlham Əliyevin bəyan etdiyi “türk dünyasının rəqəmsal və iqtisadi potensialının birləşdirilməsi” hədəfinin ən uğurlu və praktiki mexanizmlərindən biri kimi çıxış edir.

 

 

Türküstan sammiti göstərdi ki, bu gün Türk dünyası rəqəmsal dünyaya sürətli adaptasiyanı özünə əsas prioritet kimi seçib. Məsələn, təşkilatın rəqəmsal doktrinasında süni intellekt texnologiyalarının məsuliyyətli, etik və təhlükəsiz istifadəsi, ondan qanunazidd məqsədlər üçün istifadənin qarşısının alınması kimi prioritetlər artıq müəyyənləşib. Bu kibertəhlükəsizlik və rəqəmsal suverenlik çərçivəsi, türk dünyasının qlobal texnoloji yarışda təkcə bir istehlakçı deyil, həm də milli dəyərlərə və beynəlxalq hüquqa əsaslanan təhlükəsiz rəqəmsal ekosistemin qurucusu olduğunu nümayiş etdirir. Qlobal səviyyədə qəbul edilən bu strateji hədəflərin və gələcək yol xəritəsinin praktiki icrası baxımından yaxın perspektivdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqunun təşkili, həmçinin bu ilin iyun ayında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş “Türk Dünyası Həftəsi”nin reallaşdırılması Azərbaycanın bu birliyə verdiyi çoxşaxəli töhfənin bariz nümunəsidir. Beləliklə, Bakının həm rəqəmsal, həm modern şəhərsalma, həm də köklü elmi-mədəni irs platformalarına ev sahibliyi etməsi Türküstan sammitində verilən qərarların effektli icrasında Azərbaycanın lokomotiv rolunu və türk dünyasının intellektual, rəqəmsal və mənəvi mərkəz missiyasını bir daha təsdiqləyir…

Kamil Məmmədov

Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

Sosial şəbəkələrdə paylaşın

Türk birliyinin Azərbaycan nümunəsi: milli kimliyə söykənən ortaq platforma – ŞƏRH

Analitika

  • 15 may, 2026
  • 20:52

Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və bütün sahələri əhatə edən əməkdaşlıq formatı beynəlxalq münasibətlər sistemində strateji müttəfiqliyin unikal modeli sayılır. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan bu münasibətlər eyni zamanda qarşılıqlı etimad və praqmatik tərəfdaşlıq modeli kimi də çıxış edir.

Bu mənada, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən may ayının 15-də Ankara şəhərində Müstəqillik Günü münasibətilə təşkil olunan tədbir də iki ölkə arasındakı sıx əlaqələrin təzahürü kimi qiymətləndirilməlidir. Lakin tədbirin əhəmiyyəti yalnız bununla bitmir. Bu, həmçinin türk dünyasında gedən inteqrasiya proseslərində Azərbaycanın aparıcı rolunun daha bir təsdiqi idi.

Diqqətçəkən məqamlardan biri səfirliyin təşkil etdiyi tədbirdə iştirakçı kontingentinin geniş coğrafi və etnik rəngarəngliyidir. Mərasimdə Krım tatarlarının, Dağıstanın türk xalqlarının, qaraçay-balkar, çərkəz, noqay türklərinin və saxaların (yakutların) görkəmli nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin, elm və mədəniyyət elitasının, eləcə də nüfuzlu diaspora təşkilat rəhbərlərinin geniş tərkibdə təmsil olunması tədbirin beynəlxalq əhəmiyyətini vurğulayan məqamlardan biridir. Tədbirin iştirakçı tərkibi, həmçinin göstərir ki, Azərbaycan təkcə özünün Müstəqillik Gününü qeyd etmir, paralel olaraq Avrasiya məkanında yaşayan müxtəlif türk və digər qardaş xalqlar üçün mənəvi-siyasi cazibə mərkəzinə çevrilib. Bu mənzərə Azərbaycanın regional müstəvidə həyata keçirdiyi inklüziv siyasətin və tarixi köklərə dayanan həmrəylik kursunun bariz nümunəsidir.

Belə formatda həyata keçirilən təmaslar xalqlararası yaxınlaşmaya, etimadın möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, həm də gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri üçün əlverişli platforma formalaşdırır. Bu baxımdan, sözügedən görüşlər Azərbaycanın geniş türk coğrafiyasında oynadığı birləşdirici rolu bir daha təsdiq edir və müasir geosiyasi şəraitdə xalqlarımızın vahid dəyərlər ətrafında konsolidasiyasının mühüm amilinə çevrilir. İctimai xadimlərin, elm və mədəniyyət nümayəndələrinin bir araya gəlməsi, bürokratik maneələri aşaraq, qarşılıqlı etimada əsaslanan mənəvi bir körpü inşa edir. Bu cür platformalar, ortaq maraqlar əsasında qurulan əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də regional sabitliyin dayanıqlı olmasını təmin edən insan faktorunu proseslərin mərkəzinə gətirir.

Beləliklə, Azərbaycanın təşəbbüsü ilə formalaşan bu dialoq mühiti, müasir diplomatiyanın ən mütərəqqi tendensiyalarına uyğun olaraq, gələcəyin konseptual tərəfdaşlıq modelini bu gündən sınaqdan keçirir.

Tədbir çərçivəsində qurulan dialoqlar, verilən açıqlamalar, fikir mübadilələri gələcəkdə birgə həyata keçiriləcək layihələr, digər təşəbbüslər üçün real imkanlar yaradır və bünövrə rolunu oynayır. Ortaq köklərə və tarixi irsə malik müxtəlif xalqlar arasında təmas və müzakirələrin sistemli xarakter alması üçün belə təmasların böyük əhəmiyyəti var.

Yuxarıda da qeyd edildiyi kimi, tədbirdə təkcə türkdilli dövlətlərin nümayəndələri yox, digər qardaş xalqların da nümayəndələri iştirak edib. Xüsusi diqqəti isə tarixboyu deportasiyalardan əziyyət çəkmiş Şimali Qafqaz xalqları və Krım tatarlarına ayırmaq lazımdır. Çünki bu gün dünyada baş verən proseslər, sürətli qloballaşma, mürəkkəb geosiyasi çalxalanmalar fonunda milli kimliyin, ana dili və tarixi yaddaş kimi vacib məsələlərin qorunub saxlanılması bəzi xalqlar üçün mədəni məsələ olmaqdan çıxaraq mövcudluq mübarizəsinə çevrilib. Qeyd etdiyimiz Şimali Qafqaz xalqları və Krım tatarları üçün isə tarixboyu yaşanılan deportasiya, assimilyasiya təhlükələri, demoqrafik dəyişikliklərin fəsadlarını aradan qaldırmaq, mədəni iris gələcək nəsillərə ötürmək həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, məhz belə həssas məqamların humanitar müstəvidə beynəlxalq gündəmə gətirilməsi müstəsna əhəmiyyət kəsb edir.

Beynəlxalq platformalarda dost və qardaş xalqların səsinə çevrilmək, onların daha geniş auditoriya tərəfindən eşidilməsini təmin etmək beynəlxalq həmrəyliyin ən ali formasıdır.

Azərbaycanın Türkiyədəki səfirliyinin keçirdiyi tədbir göstərib ki, rəsmi Bakı özünün dövlət maraqlarının təmin edilməsi ilə yanaşı, geniş bir coğrafiyanın tarixi yaddaşını və mənəvi bütövlüyünün qorunmasını da xarici siyasətdə prioritet hesab edir.

Belə formatlarda ünsiyyət türk xalqları və toplumları arasında sistemli və məqsədyönlü əlaqələrin qurulması, humanitar diplomatiya və strateji kommunikasiya baxımından da böyük əhəmiyyət təşkil edir.

Bu iştirakçılıq, ilk növbədə, ortaq tarixi-mədəni bağların yenidən canlandırılmasına, milli kimliyin qorunmasına və xalqların fundamental mədəni hüquqlarının beynəlxalq müstəvidə təşviqinə xidmət edir.

Türk dünyasında bir çox təşəbbüs və əməkdaşlıq layihələrində lokomotiv rolunu oynayan Azərbaycanın ardıcıl və sistemli yanaşması türk dünyası ölkələrinin ortaq gələcək, vahid platforma ətrafında birləşməsi üçün böyük əhəmiyyət kəsb edir.

Kamil Məmmədov

Əvvəlki Yazı

Pakistan ABŞ tərəfindən ələ keçirilən İran gəmilərindən 31 heyət üzvünün geri qaytarıldığını açıqladı

Növbəti Yazı

Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq – PROQNOZ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.