153-cü teatr mövsümü Akademik Milli Dram Teatrının kollektivi üçün əlamətdar hadisələrlə yadda qalıb. Mövsüm ərzində teatrımız təkcə yeni səhnə əsərləri ilə öz tamaşaçılarının görüşünə gəlməyib, eyni zamanda korifey sənətkarımızın əziz xatirəsinə həsr olunan müxtəlif anım tədbirləri və yubileylər keçirib, beynəlxalq əlaqələrini genişləndirib.
Bunu AZƏRTAC-a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov deyib.
O qeyd edib ki, mövsüm ərzində “Baş”, “Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq”, “Ləng: zamanla yarışan insan”, “Aydın”, “Kral Lirin faciəsi”, “Gözəl və bədheybət” tamaşalarının premyerası keçirilib. Bir neçə gündən sonra isə Dostoyevskinin “Dayının yuxusu” əsəri əsasında hazırlanan tamaşanın daxili baxışı olacaq.

“Akademik Milli Dram Teatrı Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Çin, milli teatrları və Şəki Dövlət Dram Teatrı ilə memorandum imzalayıb, Türkiyə Dövlət Teatrları və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları ilə əməkdaşlığa başlayıb. Azərbaycan teatr tarixində ilk dəfə olaraq, Çin milli teatrları ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Bu, bizim üçün təkcə səhnə texnikası təcrübəsinin öyrənilməsi və tətbiqi üçün deyil, eyni zamanda, müasir teatr estetikasının və meyillərinin mənimsənilməsi üçün də vacibdir”, – deyə İ.Əsgərov əlavə edib.

Direktor memorandum imzalanan teatrlar ilə əməkdaşlığın mərhələli şəkildə reallaşdığını deyib: “Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanan əməkdaşlıq müqaviləsinin bəndlərinə uyğun olaraq, dünyaşöhrətli rejissor Robert Sturuanın “Zəncirlənmiş prometey” tamaşası səhnəmizdə nümayiş olundu. Eyni zamanda Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Rustaveli Teatrının səhnəsində oynanıldı. Daha sonra bu teatrın baş rejissoru David Sakvaralidze səhnəmizdə “Kral Lirin faciəsi” tamaşasına quruluş verib. Bu səhnə əsəri ilə Konya Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdik. Yanka Kupala adına Belarus Milli Teatrı ilə qurulan əməkdaşlıq əlaqələrinin ilk mərhələsi olaraq isə, bu teatrın baş direktoru, Belarus Parlamentinin deputatı Aleksandr Şestakovun iştirakı ilə “Müasir teatr: idarəçilik, maliyyələşdirmə, dövlət dəstəyi və özəl investisiyalar” mövzusunda görüş təşkil olunub.

Milli Teatr Gününü türkdilli ölkələrin milli teatr rəhbərlərinin iştirakı ilə təntənəli şəkildə qeyd etdik. Tədbirdə Türkiyə Dövlət Teatrlarının Baş direktoru, məşhur aktyor Tamer Qaradağlı və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Ayşəgül İşsevər də iştirak etdi və iki qardaş ölkə arasında teatr sahəsindəki gələcək əməkdaşlığı müzakirə etdik”.
