İran kəşfiyyatı İsrailin nüvə və hərbi mərkəzləri, eləcə də elm adamları və hərbçilərin adları haqqında “məlumat xəzinəsi” əldə edib. Bu barədə İslam Respublikasının kəşfiyyat naziri İsmail Xətib məlumat verib.
“Ölkəyə daşınan xəzinə sionist rejimlə (İsraili nəzərdə tutur ) milyonlarla səhifədən ibarət müxtəlif və dəyərli məlumatlardan ibarətdir. Bu sənədlərdə rejimin əvvəlki və hazırkı silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və bəzi Avropa ölkələri ilə birgə layihələr, həmçinin nüvə sahəsində ayrı-ayrı strukturların inkişafı və tam informasiya ilə bağlı məlumatlar var” deyib.
Xətib iddia edib ki, nüvə və hərbi qurumlardan olan çoxsaylı israillilər yəhudi dövlətinin baş naziri Benyamin Netanyahuya nifrət edərək Tehranla əməkdaşlıq ediblər.
“Nüvə agentlikləri, hərbi qurumlar və adi İsrail vətəndaşları İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi ilə əməkdaşlıq edərək böyük həcmdə sənədlərin əldə edilməsində iştirak ediblər”, o qeyd edib. Nazirin sözlərinə görə, israilliləri iki amil motivasiya edib: maddi qazanc və Netanyahuya nifrət. (Tass)
