İran və İraqın milli təhlükəsizlik xidmətləri terrorçuların iki ölkə arasındakı sərhəddən sızmasının qarşısını almaq üçün hərəkətlərini əlaqələndirmək niyyətindədirlər. Bu barədə İraq Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasım əl-Ərəci ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani arasında telefon danışığı zamanı məlumat verilib.
İraq xəbər agentliyi INA-nın istinad etdiyi məlumata görə, “Tərəflər ortaq sərhədin təhlükəsizliyinin təmin edilməsinin və terrorçu qrupların iki qonşu ölkə arasında sızma cəhdlərinin qarşısını almaq üçün koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar”. Həmçinin qeyd olunub ki, əl-Ərəci və Laricani “bölgədəki son hadisələri” müzakirə ediblər. (Tass)
