İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Londonda İran səfirliyinin binasından İslam Respublikasının bayrağını cıran etirazçıların hərəkətlərini pisləyib.
“Qərb ölkələri diplomatik nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək öhdəliklərini yerinə yetirməyiblər və bəzi Avropa paytaxtlarında diplomatik nümayəndəliklərimizə hücumların şahidi olmuşuq ki, bu da diplomatiyanın bütün prinsip və qaydalarına ziddir. Londonda İran bayrağının təhqir edildiyi zaman baş verənlər tamamilə qəbuledilməzdir. Dünən Britaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və İranın etirazı Britaniya tərəfinə çatdırılıb”, – deyə o, İranın dövlət televiziyası tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
Yanvarın 10-da bir kişi Londondakı İran səfirliyinin eyvanına çıxıb və İslam Respublikasının bayrağını cırıb. Skotland Yard iki etirazçını həbs edib. (Tass)
