Lənkəran sakini əməliyyatdan sonra ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına qarında yırtıq səbəbi ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Rzayev əməliyyat olunub, daha sonra ölüb.
Həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, S. Rzayev elə həmən gün əməliyyat olunub, əməliyyatdan sonra özünü pis hiss edib: “Ölümə səbəb həkim səhlənkarlığı olub. Öyrəndik ki, əməliyyat edən İshaq həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar, xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımı xilas edə bilmədilər. Əməliyyatdan sonra İshaq doktoru xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə o səbəb olub”.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
