Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Ali bitkilərin sistematikası laboratoriyasının əməkdaşları laboratoriyanın müdiri professor Aydın Əsgərovun rəhbərliyi ilə Lerik rayonunda tədqiqat aparıblar.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.
Mövzu planına uyğun aparılan ekspedisiya Lerik rayonunun Kələxan, Kəlvəz, Aşağı Gədik, Zuvand, Hüseynabad, Şonayçala, Qosmalyan, Hiveri, Xəlifə və Mistan kəndləri istiqamətində müxtəlif marşrutlar üzrə həyata keçirilib.
Ekspedisiya zamanı 26 fəsiləyə və 32 cinsə aid 170 bitki nümunəsi toplanılıb, onların taksonomik təyinatı aparılıb. Eyni zamanda, anatomik, morfoloji və palinoloji tədqiqatlar üçün xüsusi elmi materiallar toplanaraq laborator analizlər üçün gətirilib. Toplanılan nümunələrdən Herbari Fondunun zənginləşdirilməsi, tədqiqatın nəticələrindən “Azərbaycan florası” çoxcildliyinin hazırlanmasında istifadə edilməsi nəzərdə tutulur.
Tədqiqat çərçivəsində nadir, relikt və endemik bitkilər üzərində monitorinqlər aparılıb, onların yayılma arealları və populyasiya vəziyyəti qiymətləndirilib. Eyni zamanda, “Achillea”, “Rosa” və “Salvia” cinslərinə aid dərman bitkilərinin geniş ehtiyat sahələri aşkar edilib.
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın son nəşrinə daxil edilmiş bitkilər üzərində monitorinqlər davam etdirilib. Əldə olunan məlumatlardan kitabın növbəti nəşrinin hazırlanmasında istifadə edilməsi nəzərdə tutulur.
