Livan prezidenti Cozef Aun ölkənin cənub bölgələrində vəziyyətin normallaşmasına mane olan İsrail hərəkətlərinə dözməyəcəyi barədə xəbərdarlıq edib.
Siyasətçi vurğulayıb ki, “Biz Vaşinqtonda imzalanmış [İsrail ilə] çərçivə sazişinin şərtlərini yerinə yetirməyə sadiqik. Lakin biz İsrailin əldə edilmiş razılaşmaları pozmasına dözmək niyyətində deyilik”.
Aun qeyd edib ki, İsrail qüvvələri Livan ərazisinə, o cümlədən Livan ordusunun nəzarəti altına keçən “pilot zonalar”ın yaxınlığında zərbələr endirməyə davam edir. Dövlət başçısı qeyd edib ki, “Şəhər ərazilərində binaların bombalanması və işğal olunmuş ərazilərdə bütöv kəndlərin dağıdılması İsrailin əvvəllər Qəzzada həyata keçirdiyi dağıdıcı planın davamını təmsil edir”.
Prezident aparatının məlumatına görə, Aun bu açıqlamanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşündə verib. O, beynəlxalq ictimaiyyəti münaqişənin həlli prosesinə xələl gətirən İsrail qanun pozuntularına son qoymaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.
