Tisza partiyası tərəfindən yaradılan gələcək Macarıstan hökuməti yeni media qanunu hazırlayacaq və dövlət təbliğat sistemini ləğv edəcək. Bu barədə 12 apreldə keçirilən parlament seçkilərində qalib gələn Tisza partiyasının lideri Peter Magyar Kossuth Radiosunda çıxış edərkən bildirib.
“Macar xalqına böyük ziyan vurduğu üçün təbliğat mediasında xəbərlərin yayılmasını dayandıracağıq”, – deyən Magyar cəmiyyətin həqiqi, keyfiyyətli mediaya layiq olduğunu əlavə edib.
O qeyd etdi ki, yeni hökumətin “yeni media qanunu qəbul etməsi və yeni media tənzimləyici orqanı yaratması üçün bir az vaxta ehtiyacı olacaq”, lakin bu, mütləq həyata keçiriləcək. “Bilirəm ki, bu binada öz iradələri ilə hərəkət etməyənlər də var. Çoxları təhdid edilib və şantaj edilib”, – deyə o, Radio Kossuth -dakı jurnalistlər haqqında bildirib. (Tass)
