Xalqımızın taleyində elə günlər vardır ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrü deyil, bütöv bir millətin gələcəyini müəyyənləşdirir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə tarixi günlərdəndir. Belə ki, bu əlamətdar gün dövlətçiliyimizin xilasının, müstəqilliyimizin qorunmasının və gələcək inkişafımızın möhkəm təməllərinin qoyulmasının rəmzi hesab edilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
Onun sözlərinə görə, yaxın keçmişimizdən hamıya məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin ən mürəkkəb və həlledici mərhələlərindən birini yaşayırdı. Müstəqilliyini yenicə bərpa etmiş ölkəmizdə siyasi böhran dərinləşmiş, iqtisadi vəziyyət ağırlaşmış, dövlət idarəçiliyi zəifləmiş, separatizm meyilləri və vətəndaş qarşıdurması təhlükəsi güclənmişdi. Dövlət müstəqilliyinin itirilməsi və ölkənin parçalanması real təhlükəyə çevrilmişdi. Bir sözlə, Azərbaycan ağır tarixi bir sınaq qarşısında idi.
Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin və xalqımızın taleyində dönüş nöqtəsi oldu. 1993-cü il iyunun 15-də baş verən bu qayıdış tariximizə həyati əhəmiyyətli mühüm siyasi hadisə – Azərbaycanın milli qurtuluşu kimi daxil oldu.
“Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli fəaliyyəti nəticəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlətçiliyin əsasları yaradıldı və möhkəmləndirildi, milli həmrəylik təmin olundu və müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyənləşdirildi. Məhz həmin dövrdə əsası qoyulan siyasi kurs Azərbaycanın sonrakı inkişafının ideoloji dayaqlarını da formalaşdırdı.
Ümummilli Liderin müəllifi olduğu hərtərəfli inkişaf strategiyası, neft siyasəti və beynəlxalq əməkdaşlıq xətti Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, ölkəmizi qlobal enerji və nəqliyyat layihələrinin mühüm iştirakçısına çevirdi. Azərbaycan regionun siyasi və iqtisadi həyatında mühüm rol oynayan, böyük beynəlxalq layihələrin mərkəzində yer alan nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirdi. Bütün bunlar gələcək tarixi uğurların və zəfərlərin möhkəm təməlini yaratdı”, – Ş.Bayramov söyləyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun yaradılması Azərbaycanın yeni inkişaf mərhələsinin parlaq təzahürüdür. Qarabağ və Şərqi Zəngəzur yenidən bərpa olunmaqla yanaşı, həm də ölkəmizin gələcək inkişafının, innovasiyaların, insan kapitalının və dayanıqlı tərəqqinin yeni mərkəzlərindən birinə çevrilir.
“Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri də məhz təhsil və elm sahəsidir. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə yaradılmış ilk ali təhsil müəssisəsi olan Qarabağ Universiteti regionun intellektual və sosial-mədəni dirçəlişində xüsusi missiya daşıyır. Qarabağ Universitetində Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə çatdırılması başlıca vəzifələrimizdən biri kimi müəyyən edilib. Çünki müasir Azərbaycan dövlətinin ideoloji əsaslarını, inkişaf modelini və qazandığı uğurların mənbəyini dərindən anlamaq üçün Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu irs gənclərimizin vətənpərvərlik ruhunda formalaşmasına, dövlətçilik ənənələrinə bağlılığının güclənməsinə və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verir.
Məhz bu ideyalar əsasında formalaşan akademik mühitdə yetişən gənclər Azərbaycanın gələcək inkişafının aparıcı qüvvəsi kimi çıxış edəcəklər. Bu gün Xankəndidə fəaliyyət göstərən universitetimizdə çalışan və təhsil alan gənclər Azərbaycanın qurtuluşdan zəfərə uzanan şanlı yolunun canlı şahidləridir. Onlar Heydər Əliyevin xilas etdiyi, Prezident İlham Əliyevin isə qalib, suveren və qüdrətli dövlətə çevirdiyi Azərbaycanın gələcəyini quracaq nəslin nümayəndələridir. Buna görə də gənclərimizin yüksək bilik, güclü dövlətçilik təfəkkürü və vətənə sədaqət ruhunda yetişdirilməsi universitetimizin əsas məqsədlərindən biridir”, – deyə Ş. Bayramov əlavə edib.
