Bu sözləri AZƏRTAC-a Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisadçı alim Mahir Zeynalov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Sənaye Parkının təməlini qoyması dövlətin regionların sənaye potensialının inkişafına və muxtar respublikanın iqtisadi imkanlarından daha səmərəli istifadəyə verdiyi strateji əhəmiyyətin göstəricisidir: “Naxçıvan Sənaye Parkının təməlinin Prezident İlham Əliyev tərəfindən qoyulması, ilk növbədə, Naxçıvanın sənaye və investisiya potensialının yeni mərhələdə reallaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini göstərir. Naxçıvanın coğrafi mövqeyi, Türkiyə və İranla sərhəddə yerləşməsi, nəqliyyat-logistika imkanları və regional bazarlara çıxış potensialı burada müasir sənaye klasterlərinin formalaşdırılması üçün mühüm üstünlüklər yaradır”.
“Hesab edirəm ki, Naxçıvan Sənaye Parkı gələcəkdə yalnız yerli tələbatın ödənilməsinə deyil, həm də ixracyönümlü istehsalın genişləndirilməsinə və Naxçıvanın regional sənaye-logistika mərkəzinə çevrilməsinə xidmət edə bilər. Naxçıvan Sənaye Parkının perspektivlərini yalnız istehsal müəssisələrinin yerləşdirilməsi çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Burada sənaye, logistika, ticarət, xidmət və innovasiya fəaliyyətlərinin bir-biri ilə əlaqələndirilməsi daha böyük iqtisadi effekt yarada bilər. Xüsusilə Türkiyə və digər regional bazarlara çıxış imkanlarının genişləndirilməsi parkın ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq”, – deyə M.Zeynalov əlavə edib.
Ekspert hesab edir ki, Naxçıvan Sənaye Parkında yerli xammalın emalı, yüksək əlavə dəyərli məhsulların istehsalı, KOB-ların sənaye kooperasiyasına cəlb edilməsi və müasir texnologiyaların tətbiqi əsas prioritetlərdən olmalıdır: “Naxçıvan Sənaye Parkının uğuru üçün burada müasir sənaye parklarının əsas prinsipləri – ixtisaslaşma, klasterləşmə, rəqəmsallaşma, yaşıllaşma və ixracyönümlülük bir-birini tamamlamalıdır. Parkın ətrafında formalaşacaq müəssisələr arasında kooperasiya əlaqələrinin qurulması həm istehsal xərclərini azaltmağa, həm də regional dəyər zəncirlərinin yaranmasına imkan verəcək”.
O vurğulayıb ki, Naxçıvan Sənaye Parkının yaradılması Azərbaycanın regionlar üzrə balanslaşdırılmış sənayeləşmə siyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər: Sumqayıt, Qaradağ, Mingəçevir, Pirallahı, Ağdam, Araz Vadisi İqtisadi Zonası və digər sənaye parkları ilə yanaşı, Naxçıvan Sənaye Parkının da inkişafı Azərbaycanın müxtəlif regionlarında ixtisaslaşmış sənaye mərkəzlərinin formalaşmasına imkan verir: “Bu proses gələcəkdə vahid milli sənaye klasterləri və regionlararası istehsal kooperasiyasının yaranmasına gətirib çıxara bilər. Qarşıdakı mərhələdə əsas məqsəd yaradılan sənaye parklarının sayını artırmaqla yanaşı, onların iqtisadi səmərəliliyini, texnoloji səviyyəsini və ixrac qabiliyyətini yüksəltmək olmalıdır. Sənaye parkları investisiya, innovasiya, insan kapitalı, logistika və ixrac siyasətinin kəsişmə nöqtəsinə çevrilməlidir. Bu halda onlar Azərbaycanın yeni sənayeləşmə modelinin əsas dayaqlarından birinə çevrilə bilər. Müasir dövrdə sənaye parkları yalnız istehsal müəssisələrinin yerləşdiyi ərazi deyil, investisiya, innovasiya, logistika, insan kapitalı və ixracın birləşdirildiyi vahid iqtisadi ekosistemdir”.
Ekspertin sözlərinə görə, dünyanın aparıcı sənaye ölkələrinin təcrübəsi göstərir ki, sənaye parkları iqtisadiyyatın şaxələndirilməsi və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılması üçün effektiv mexanizmdir: “Çin, Koreya Respublikası, Sinqapur, Almaniya, Hindistan, Vyetnam və Türkiyənin təcrübəsi göstərir ki, sənaye parklarının yaradılması sənayeləşməni sürətləndirir, xarici və yerli investisiyaların cəlb edilməsini asanlaşdırır, yeni iş yerləri yaradır və müəssisələr arasında istehsal kooperasiyasını gücləndirir. Lakin burada əsas məsələ sadəcə sənaye parklarının yaradılması deyil, onların ətrafında rəqabətqabiliyyətli sənaye ekosisteminin formalaşdırılmasıdır”.
“Sənaye parklarının elmi-tədqiqat və ali təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Universitetlər, elmi-tədqiqat institutları, sənaye müəssisələri və dövlət qurumları arasında əməkdaşlıq yeni texnologiyaların istehsala transferini sürətləndirə bilər. Sənaye parklarında innovasiya mərkəzlərinin və tədqiqat laboratoriyalarının yaradılması, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi Azərbaycanın yüksək texnologiyalı sənaye məhsulları istehsalına keçidini sürətləndirə bilər. Xüsusilə maşınqayırma, elektronika, kimya, aqro-emal, yaşıl enerji texnologiyaları və rəqəmsal texnologiyalar üzrə klasterlərin yaradılması böyük perspektivlər vəd edir”, – deyə M.Zeynalov diqqətə çatdırıb.
