Naxçıvan, sadəcə, Azərbaycanın coğrafi baxımdan ayrılmış bir parçası deyil. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin mühüm siyasi dayaqlarından biridir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Məhz Naxçıvanda qəbul edilmiş mühüm siyasi qərarlar, milli dövlətçilik ideyasının qorunması və gələcək Azərbaycanın siyasi kursunun formalaşdırılması sonrakı proseslər üçün mühüm zəmin yaradıb. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlətin göstərdiyi böyük diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər və görülən işlər dövlətimizin bu sahəyə və insan amilinə verdiyi önəmin aydın göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, 2023-cü ildən indiyədək şəhid ailələri və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil, avtomobil və sanatoriya-kurort yollayışları ilə təmin olunması, eləcə də onlara maddi yardım göstərilməsi dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir.
“Bu tədbirlər dövlətin həmin kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğının konkret ifadəsidir. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil və digər sosial ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin sosialyönümlü xarakterini bir daha nümayiş etdirir. Naxçıvanda yeni istehsal və xidmət sahələrinin yaradılması, sahibkarlığın dəstəklənməsi, iqtisadi fəallığın artırılması ilə yanaşı, şəhid ailələrinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət qayğısının gücləndirilməsi muxtar respublikada həyata keçirilən yenilənmə prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar göstərir ki, Naxçıvanda həyata keçirilən yenilənməni yalnız iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Bu prosesin mühüm göstəricilərindən biri də insanların, xüsusilə şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasıdır. Dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğı onların gündəlik həyatına birbaşa təsir edən mühüm amildir”, – deyə deputat vurğulayıb.
C.Məmmədov bildirib ki, iqtisadi inkişaf və sosial siyasətin paralel şəkildə həyata keçirilməsi Naxçıvanın gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni istehsal sahələrinin yaradılması və sahibkarlığın inkişafı iqtisadi imkanları genişləndirirsə, şəhid ailələrinə və digər həssas kateqoriyalara göstərilən dövlət qayğısı həmin inkişafın insan amilinə və sosial rifaha yönəlməsini təmin edir. Qarşıdakı dövrdə Naxçıvanda iqtisadi fəallığın daha da artması, yeni iş yerlərinin yaradılması və sosial infrastrukturun inkişaf etdirilməsi ilə yanaşı, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdiriləcək. Bu siyasət bütövlükdə Naxçıvanın daha dayanıqlı inkişafına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək”, – deyən deputat fikirlərini yekunlaşdırıb.
Müxbir – Səbinə Əlizadə
