Naxçıvanın uzun illər Azərbaycanın əsas hissəsi ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması regionun iqtisadi inkişafına, nəqliyyat-logistika imkanlarına, investisiya axınına və məşğulluğa təsir göstərən əsas amillərdən biri olub. Hazırda nəqliyyat imkanlarının genişləndirilməsi Naxçıvanın regional iqtisadi və geosiyasi əhəmiyyətinin daha da artmasına yeni imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova səsləndirib.
Ekspert bildirib ki, Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi və regionun yeni bağlantı imkanları əldə etməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Onun sözlərinə görə, uzun illər davam edən mürəkkəb nəqliyyat şəraiti regionun iqtisadi inkişafına mənfi təsir göstərməklə yanaşı, iqtisadi aktivlik və məşğulluq imkanlarına da təsir edib.
“Naxçıvanın nəqliyyat imkanlarının genişlənməsi regionda nəqliyyat və logistika sahələrinin inkişafına, eyni zamanda, Naxçıvanın Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından birinə çevrilməsinə imkan verəcək. Regionun inkişafı, özəl sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün burada hər cür şərait yaradılır”, – deyə G.Hüseynova qeyd edib.
İqtisadçı-ekspertin sözlərinə görə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması daşımaların digər ölkələrin ərazisindən keçməklə həyata keçirilməsinə səbəb olub.
“Məlumdur ki, ərazi uzun müddət məhdud nəqliyyat imkanları şəraitində qaldığı üçün nəqliyyat vasitələri digər ölkələrin ərazisindən keçməklə daşımalar həyata keçirirdilər. Bu da, əlbəttə ki, xərcləri artıran səbəblərdən biri idi”, – deyə ekspert bildirib.
G.Hüseynova vurğulayıb ki, yeni nəqliyyat bağlantılarının yaradılması Azərbaycan ilə Naxçıvan arasında birbaşa və fasiləsiz quru nəqliyyat əlaqəsinin formalaşmasına, eləcə də Avrasiya məkanında ticarət marşrutlarının inkişafına mühüm töhfə verəcək.
“Region üçün yeni eranın başlanğıcı iqtisadiyyatın digər sahələrinin inkişafına da səbəb olacaq. Belə ki, uzun müddət məhdud nəqliyyat imkanları ilə üzləşmiş region turizm baxımından da müəyyən mənada kənarda qalmışdı. Xarici investorların marağı əsasən Bakıya yönəlmişdi. Regionun inkişafı, abadlıq və quruculuq işləri həm xarici investorların marağını artıracaq, həmçinin turizm potensialının yüksəldilməsinə səbəb olacaq”, – deyə Günay Hüseynova diqqətə çatdırıb.
Ekspert qeyd edib ki, regionda yaradılan yeni imkanlar iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə yanaşı, Naxçıvanın gələcəkdə ixracat potensialını artıracaq.
“Digər sahələri analiz etsək, xüsusi ilə qeyd etmək istərdim ki, uğurlu siyasətin nəticəsində region idxalçı deyil, ixracatçı mövqeyində olacaq. Belə ki, enerji sektorunda diversifikasiya olunmuş təchizat hesabına, müasir infrastruktur və quruculuq işləri nəticəsində yerli özünütəminetmə ilə yanaşı, region ixracatçı bölgəyə çevriləcək”, – deyə G.Hüseynova vurğulayıb.
