Açılış mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxış ediblər.
Fərid Cəfərov bildirib ki, ildən ilə poeziya günlərinin formatı genişlənir. O, buna nümunə kimi Türk Dünyası Gənc Şairlərinin Festivalını göstərib.
Çıxışlarda türk dünyasının ortaq ədəbi-mədəni irsinin qorunmasının, gənc yaradıcı nəslin dəstəklənməsinin və ölkələr arasında ədəbi əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, festival müxtəlif ölkələrdən olan gənc şairlər arasında yaradıcılıq mübadiləsinin aparılması, yeni ədəbi əlaqələrin qurulması və ortaq mədəni dəyərlərin təbliği baxımından mühüm platformadır.
Açılış mərasimindən sonra festivalın seçim mərhələsinə start verilib. Gənc şairlər münsiflər heyəti qarşısında öz əsərlərini təqdim edərək festivalın növbəti mərhələsində iştirak uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, “Sözün sabahı – Türk Dünyasının Gənc Şairlər Festivalı”nın qaliblərinin mükafatlandırılması bu gün Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində baş tutacaq.
