Təyinatlı sukuk anlayışı əslində İslam maliyyəsinin mahiyyətindən qaynaqlanır və bu dəyərlər sukuk alətinin özünəxas xüsusiyyətlərdir. Qlobal iqtisadi şoklara və qeyri-müəyyənliklərə baxmayaraq, sukuk bazarı davamlı artım nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rustəm İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Etiketlənmiş sukuk – növbəti hüdud” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, Misir 5 milyard dollar həcmində beynəlxalq sukuk proqramı çərçivəsində 1,5 milyard dollar dəyərində sukuk emissiyası həyata keçirib.
“Hazırda yerli sukuk emissiyası imkanları da nəzərdən keçirilir, çünki daxili bazarda bu alətə yüksək tələbat mövcuddur. Sukuk maliyyələşmə aləti kimi əhəmiyyətli üstünlüklər təqdim edir. Ölkənin makroiqtisadi göstəriciləri də investorlar üçün cəlbedici hesab olunur. Son üç rübdə qeydə alınan ikirəqəmli iqtisadi artım investorlara müsbət siqnal verir. Körfəz Əməkdaşlıq Şurası ölkələrinin investorları ilə yanaşı, Avropanın bir sıra investisiya fondlarının da sukuka maraq göstərməsi sevindirici haldır. Bu gün sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş şəkildə istifadə edirlər”, – deyə nazir qeyd edib.
