İsrailin baş naziri Benyamin Netanyahu və BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn Qəzza zolağına humanitar yardımın çatdırılması üçün səyləri ikiqat artırmaq barədə razılığa gəliblər. Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin yaydığı birgə bəyanatda deyilir.
“Netanyahu və Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru Sindi Makkeyn Qüdsdə görüşüblər. Onlar Qəzzada mülki şəxslərə davam edən humanitar yardımın çatdırılması ilə bağlı konstruktiv görüş keçiriblər. Onlar mülki əhalinin aclıqdan və qida çatışmazlığından qorunmasının və onların əsas ehtiyaclarının ödənilməsini təmin etməyin vacibliyini müzakirə ediblər. Onlar ötən ay ərzində humanitar yardımın artdığını qeyd ediblər və Qəzzada genişmiqyaslı dəstəyin əldə olunmasına dair razılığa gəliblər. Təcili ehtiyacı nəzərə alaraq Qəzzaya humanitar yardımlar göndərilib”, – deyə bəyanatda bildirilir.
Sənəddə deyilir ki, tərəflər “hümanitar yardımın onların yerləşdiyi yerlərdə əhalinin ən həssas təbəqələrinə çatması və onun yalnız mülki əhaliyə çatdırılması üçün hər cür səy göstərilməlidir”. (Tass)
