Orta Dəhlizin əhəmiyyəti son dövrlər daha da artır. Bunun əsas səbəblərindən biri dünyada davam edən geosiyasi gərginliklər və silahlı münaqişələrdir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdə müşahidə olunan qarşıdurmalar beynəlxalq yükdaşımalar və logistika marşrutlarına ciddi təsir göstərir. Rusiya uzun illər Avrasiya məkanında əsas quru nəqliyyat dəhlizlərindən biri kimi çıxış edib. Lakin Ukraynaya qarşı müharibədən sonra ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalar onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və Avrasiya logistikasındakı rolunu zəiflədib. Eyni zamanda, İrana qarşı tətbiq olunan sanksiyalar və regionda davam edən hərbi-siyasi gərginliklər Fars körfəzi, Hörmüz və Babül-Məndəb boğazları kimi strateji əhəmiyyət daşıyan dəniz marşrutlarında riskləri artırır. Bu amillər alternativ və daha təhlükəsiz nəqliyyat marşrutlarına tələbatı yüksəldir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.
O bildirib ki, belə şəraitdə Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır. Onun sözlərinə görə, Çinlə Avropanı Mərkəzi Asiya, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz təkcə yükdaşımalar üçün deyil, həm də türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bununla yanaşı, Orta Dəhliz yalnız nəqliyyat layihəsi deyil. Dəhliz boyunca yerləşən ölkələr müasir logistika infrastrukturu, sənaye müəssisələri, istehsal sahələri və yüksək texnologiyalar ekosistemini formalaşdırır. Məqsəd Avrasiyada təkcə nəqliyyat və enerji qovşağı olmaq deyil, eyni zamanda, sənaye, innovasiya və süni intellekt sahələrində regional inkişaf mərkəzlərinə çevrilməkdir. Azərbaycan bu layihədə mərkəzi rol oynayır. Ölkəmiz təkcə mühüm logistika və nəqliyyat qovşağı deyil, həm də regional hab funksiyasını yerinə yetirir. Bu baxımdan söhbət yalnız tranzit daşımalarından getmir. Azərbaycan humanitar və mədəni əməkdaşlığın inkişafında da mühüm platforma kimi çıxış edir. Azərbaycan Türk dünyasının və Orta Dəhlizin əsas strateji nöqtələrindən biridir. Şərqdən Qərbə uzanan Orta Dəhliz, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi məhz ölkəmizin ərazisində kəsişir. Bu isə Azərbaycanın Avrasiya məkanında reallaşdırılan beynəlxalq nəqliyyat və logistika layihələrində müstəsna strateji əhəmiyyətə malik olduğunu göstərir”, – deyə R. Hüseynov bildirib.
