İş yerlərində psixososial risklər idarə olunmadıqda digər istiqamətlərə təsirini göstərir.
“Report” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib.
“Bu riskləri ölçmək çətindir. Dünyada bir çox yerlərdə bu risklərin ölçülməsi üçün indikatorlar var. Psixososial risklər qeyri-şəffaf idarəetmə mühitində də özünü göstərir. Bu riskləri idarə etmək həm də iqtisadi nəticələri idarə edir. Müasir iqtisadiyyatda insan resurslarının düzgün idarə edilməsi önəmli yer tutur”, – Orxan Məmmədov əlavə edib.
Onun sözlərinə görə, KOBİA sahibkarla bu yöndə maarifləndirmə tədbirləri aparır:
“Sahibkarlarla keçirilən görüşlərdə müşahidə etdiyimiz tendensiyalardan biri də idarəetmə keyfiyyətinə və iş mühitinə artan diqqətdir. Agentliyin bu istiqamətdə fəaliyyətləri müxtəlif qurumlar tərəfindən müsbət qiymətləndirilir. Məsələ yalnız biznesin qurulması deyil, onun daha dayanıqlı, uzunmüddətli olmasıdır. Psixososial riskləri də vaxtında görmək və həll etmək vacibdir”.
