Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərə aparan dəmir yollarının hissələrini müstəqil şəkildə bərpa etməyə başlayıb və Cənubi Qafqaz Dəmir Yolu (CQD) ilə hüquqi məsləhətləşmələr aparır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
“Biz artıq Gümrü-Axurik dəmir yolunun (Türkiyə ilə sərhədə qədər ) və Eresxe yaxınlığındakı (Azərbaycanla sərhəddə) hissələrinin bərpasına yönəlmiş proseslərə başlamışıq və bu işləri həyata keçiririk. Qalan hissələrlə bağlı isə, o cümlədən rusiyalı həmkarlarımızla işgüzar müzakirələri davam etdirəcəyik və mövqelərimiz dəyişməyib və dəyişməyəcək”, – deyə o bildirib.
Lakin Baş nazir bu hissələrin Cənubi Qafqaz Dəmir Yolu konsessiyasından çıxarılıb-çıxarılmayacağına birbaşa cavab verməyib.
“Bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və biz mülkümüzü idarə etməliyik. Təfərrüatları verə bilmərəm, çünki bu məsələlər hüquqi məsləhətləşmələr və işçi müzakirələr yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, Cənubi Qafqaz Dəmir Yolu bütün bu proseslərdə iştirak edir və onlar baş verənlərdən xəbərdardırlar”, – deyə Paşinyan bildirib.
