Polşa müdafiə nazirinin müavini Pavel Beyda bildirib ki, Polşa artıq əldə etdiyi və əvvəllər sifariş etdiyi təyyarələrə əlavə olaraq, ABŞ-dan daha bir neçə beşinci nəsil F-35 qırıcı təyyarəsi almaqda maraqlıdır.
Wirtualna Polska internet portalı nazir müavininin sözlərinə istinadən bildirir ki, “2039-cu ilə qədər [bu təyyarələrdən] əlavə eskadrilyaların yaradılması Polşa Silahlı Qüvvələrinin aviasiyasının əməliyyat imkanlarını artıracaq”. Lakin Beyda əlavə neçə F-35 təyyarəsinin alına biləcəyini dəqiqləşdirməyib.
Polşa Hərbi Hava Qüvvələri hazırda üç F-35 qırıcı təyyarəsindən istifadə edir. 2026-cı ilin sonuna qədər ABŞ-dan əlavə 11 təyyarənin gəlməsi gözlənilir. F-35 üçün müqavilə 2020-ci ildə imzalanıb və 2029-cu ilə qədər cəmi 32 qırıcı təyyarənin çatdırılmasını nəzərdə tutur. (Tass)
