Azərbaycanda illik bərpa olunan su ehtiyatlarının həcmi orta hesabla 30–32 milyard kubmetrdir. Bunun yalnız 10–11 milyard kubmetri ölkə ərazisində formalaşır. Yerdə qalan hissə Kür, Araz və Samur çayları vasitəsilə qonşu ölkələrdən daxil olur. İqlim dəyişiklikləri, yağıntıların qeyri-bərabər paylanması, buxarlanmanın artması və xüsusilə transsərhəd çayların yuxarı axın ölkələri tərəfindən intensiv istifadəsi su balansına əlavə təzyiq yaradır. Bu baxımdan Azərbaycan BMT-nin təsnifatına görə, “su stresinə yaxın” ölkələrdən sayılır. Sadalanan faktları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması milli təhlükəsizlik, sosial rifah və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş bu müşavirə də mövzuya strateji baxışın göstəricisidir.
Müşavirədə səsləndirilən statistik məlumatlardan belə məlum olur ki, ölkəmizdə su təminatı ilə bağlı təhlükəli vəziyyət yoxdur. Amma səmərəli idarəetmə yaradılmasa, vəziyyət dəyişə bilər. Uzun illər ərzində bu kontekstdə vəziyyəti tam nəzarətdə saxlamaq imkansız olub. Çünki 30 il müddətində işğal altında olmuş ərazilərdə su infrastrukturunun dağıdılması ölkənin ümumi su sisteminə ciddi zərbə vurub. Azərbaycanın ümumi su mənbələrinin 25 faizinin məhz bu bölgədə yerləşməsi problemin həcmini təsəvvür etməyə imkan yaradır.
“Yanvarın 12-də keçirilən müşavirə göstərdi ki, Prezident İlham Əliyev ölkədə su təminatı məsələsində nəinki cari problemlərin aradan qaldırılmasına çalışır, eyni zamanda, gələcək dövrlər üçün nəzəri baxımdan ehtimal edilən problemlərin zərərsizləşdirilməsi üçün də addımlar atır. Təsadüfi deyil ki, son 20 il müddətində “Taxtakörpü”, “Şəmkirçay”, “Ceyranbatan” və digər mühüm su infrastrukturu layihələri həyata keçirilib. Azad edilmiş ərazilərdə “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay” və “Zabuxçay” su anbarlarının bərpası ölkənin su təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib. Təxminən 30 yeni su anbarının tikintisi planlaşdırılıb”, – deyə M.Ələsgərli vurğulayıb.
Ekspert əlavə edib ki, yanvarın 12-dəki müşavirə su təminatı və təchizatı sahəsində yeni mərhələnin başlanğıcıdır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Sumqayıt şəhərlərinin, eləcə də bütövlükdə Abşeron yarımadasının dayanıqlı su təminatını hədəfləyir. Məqsəd yalnız bugünkü tələbatı deyil, gələcək nəsillərin su təhlükəsizliyini də təmin etməkdir.
