Prezident İlham Əliyevin Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” beynəlxalq konfransının iştirakçılarına ünvanladığı müraciət yalnız diplomatik xarakterli çıxış deyil, həm də Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı strateji baxışın konseptual təqdimatıdır. Bu müraciətdə ölkənin regional və qlobal siyasətə yanaşmasının əsas istiqamətləri aydın şəkildə ifadə olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
Müraciətin məzmununda üç əsas istiqamət barədə danışan deputat deyib: “Prezidentin fikirlərində Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, regionun beynəlxalq nəqliyyat-kommunikasiya sisteminə inteqrasiyası və Türk dünyasının geosiyasi əhəmiyyətinin artırılması ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Bu istiqamətlər ayrı-ayrı siyasi tezislər deyil, vahid strateji yanaşmanın bir-birini tamamlayan elementləridir. Azərbaycanın gələcək inkişaf modelini və xarici siyasət prioritetlərini də məhz bu üç istiqamətin qarşılıqlı əlaqəsi müəyyənləşdirir.
Məlum olduğu kimi 2020-ci ilin Vətən müharibəsi Cənubi Qafqazda onilliklər ərzində formalaşmış geosiyasi vəziyyəti əsaslı şəkildə dəyişdirib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn tələb etdiyi, lakin uzun müddət həyata keçirilməyən bir prinsipin təmin olunmasına nail olub. Müharibədənsonrakı mərhələdə əsas vəzifə yeni regional münasibətlər sisteminin qurulması və uzunmüddətli sabitliyin təmin edilməsi idi. Azərbaycanın mövqeyinin mühüm xüsusiyyəti də məhz burada ortaya çıxır. Rəsmi Bakı hərbi uğuru siyasi revanşizm üçün deyil, yeni sülh gündəliyinin formalaşdırılması üçün əsas kimi təqdim etməyi bacardı və beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir nümunə yaratdı. Bu yanaşma regionda yaranmış yeni reallıqların yalnız hərbi nəticələrdən ibarət olmadığını göstərir. Ərazi bütövlüyünün bərpası yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları yaratmaqla yanaşı, regional təhlükəsizlik sisteminin yenidən qurulması üçün də zəmin formalaşdırıb”.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin şahidliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması isə Cənubi Qafqazda yeni siyasi-hüquqi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd bir neçə mühüm geosiyasi məna daşıyır. Əvvəla, ABŞ-nin vasitəçilik səylərinin güclənməsi regionda sabitliyin yalnız yerli xarakter daşımadığını, beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb etdiyini göstərir. İkincisi, sazişin paraflanması tərəflərin sülhə siyasi iradə nümayiş etdirdiyini və gələcək hüquqi öhdəliklərin əsasını formalaşdırdığını təsdiqləyir. Üçüncüsü, Azərbaycanın bu prosesdə təşəbbüskar tərəf kimi çıxış etməsi ölkənin beynəlxalq nüfuzunun və siyasi çəkisinin daha da artdığını nümayiş etdirir. Bununla yanaşı, tarix göstərir ki, sülh sazişləri özlüyündə sülh yaratmır. Onlar yalnız münasibətlərin hüquqi çərçivəsini müəyyən edir. Əsas məsələ həmin sənədlərin praktik müstəvidə həyata keçirilməsidir. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi kimi məsələlər bundan sonrakı mərhələnin əsas göstəriciləri olacaq.
“Konfransın məhz Şuşada keçirilməsi isə xüsusi siyasi və mənəvi məna daşıyır. Şuşa Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilib. Beynəlxalq konfransın bu şəhərdə təşkili Şuşanı təkcə keçmişin xatirəsi kimi deyil, həm də gələcəyin qurulduğu məkan kimi təqdim edir. Bu baxımdan Şuşa həm milli qürurun, həm də regional əməkdaşlıq və sülh ideyasının simvoluna çevrilir. Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi mesaj da məhz budur: münaqişə səhifəsi bağlanıb və region yeni inkişaf mərhələsinə qədəm qoyur.
Prezident İlham Əliyevin müraciətində Zəngəzur dəhlizinə xüsusi yer ayrılması təsadüfi deyil. Bu layihə həm milli, həm də beynəlxalq əhəmiyyət daşıyır. Bir tərəfdən, dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsini təmin etməklə uzun illər mövcud olmuş coğrafi parçalanmanı aradan qaldıracaq. Digər tərəfdən isə Zəngəzur dəhlizi Avrasiya məkanında formalaşan yeni nəqliyyat şəbəkəsinin mühüm elementinə çevriləcək. Bu səbəbdən layihə təkcə nəqliyyat marşrutu deyil, regional inteqrasiyanın və iqtisadi əməkdaşlığın mühüm aləti kimi qiymətləndirilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud Orta Dəhliz son illərdə dünya ticarətində baş verən dəyişikliklər nəticəsində xüsusi əhəmiyyət qazanıb. 2022-ci ildən sonra Şimal marşrutunun əvvəlki üstünlüklərini qismən itirməsi Avropa ilə Asiya arasında alternativ nəqliyyat xətlərinə marağı artırıb. Nəticədə Orta Dəhliz Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında iqtisadi əlaqələrin mühüm hissəsinə çevrilməkdədir”, – deyə A.Kərimli vurğulayıb.
