Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirakı iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığın növbəti təzahürü kimi qiymətləndirilə bilər. Bu səfər həm regional, həm də qlobal kontekstdə mühüm siyasi və diplomatik mesajlar daşıyır.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri artıq uzun illərdir ki, “bir millət, iki dövlət” prinsipi üzərində qurulub.
“Bu prinsip real siyasətdə konkret layihələr, qarşılıqlı dəstək və koordinasiya ilə təsdiqlənir. Antalya Diplomatiya Forumu kimi nüfuzlu beynəlxalq platformada Azərbaycan Prezidentinin iştirakı ölkənin artan diplomatik çəkisinin göstəricisidir. Bu forum müxtəlif ölkələrin liderlərini, siyasətçilərini və ekspertlərini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm imkan yaradır. Digər tərəfdən, Prezident İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinə verdiyi töhfəni ön plana çıxarır. Xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda sabitliyin təmin olunması, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi kimi məsələlər Azərbaycanın xarici siyasətində əsas prioritetlərdəndir. Bu baxımdan, belə beynəlxalq forumlarda aparılan müzakirələr Azərbaycanın mövqeyinin daha geniş auditoriyaya çatdırılması üçün əhəmiyyətlidir.
Türkiyə baxımından isə forumun təşkili ölkənin qlobal diplomatiyada aktiv rol oynamaq niyyətinin göstəricisidir. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə son illərdə həm regional, həm də beynəlxalq münaqişələrin həllində vasitəçi və təşəbbüskar kimi çıxış edir. Azərbaycanın bu platformada fəal iştirakı isə Ankara-Bakı tandeminin beynəlxalq məsələlərdə koordinasiyalı fəaliyyətini bir daha nümayiş etdirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Türkiyəyə bu işgüzar səfəri təkcə iki ölkə arasındakı münasibətlərin möhkəmliyini deyil, həm də onların beynəlxalq arenada ortaq maraqlara əsaslanan fəaliyyətini təsdiqləyir. Antalya Diplomatiya Forumu çərçivəsində aparılan müzakirələr və keçirilən görüşlər bu günün təhlili, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”, – deyə A.Novruzov diqqətə çatdırıb.
