Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Ekspert bildirib ki, Qəbələ Zirvəsində TDT-yə üzv və müşahidəçi dövlətlərin ən yüksək səviyyədə iştirakı təşkilatın artan nüfuzunun göstəricisidir. Tədbir iştirakçılarının çıxışları TDT-nin perspektivə hesablanan ideyalarını reallaşdırmaq üçün zəruri potensiala malik olduğunu dünyaya təqdim etdi. Görünən budur ki, təşkilat BMT və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etməklə, artıq özünün beynəlxalq aktor kimi mövcudluğunu rəsmiləşdirmək fikrindədir.
“Qəbələ görüşünü öncəkilərdən fərqləndirən mühüm amillərdən biri də təşkilata üzv dövlətlərin hərbi təsisatlarının birgə təlimlərinin təşkil olunması ilə bağlı təşəbbüslərin elan edilməsidir. Məlumdur ki, Türk dünyasının birgə ərazisi 5 milyon kvadrat kilometrdən artıqdır, ümumi ixrac potensialı isə 500 milyard ABŞ dollarına yaxındır. Qlobal və regional nəqliyyat dəhlizlərinin işləməsi böyük mənada bu məkanın istəyinə bağlıdır. Qlobal enerji təhlükəsizliyi layihələrində də TDT-nin xüsusi payı vardır. Bütün bu iqtisadi, sosial və siyasi layihələrin gerçəkləşdirilməsi üçün TDT-yə üzv dövlətlərin müdafiə və təhlükəsizlik imkanlarının artırılması zəruridir. Qəbələ görüşündə irəli sürülən təkliflər məhz müdafiə və təhlükəsizlik vektorları üzrə TDT-nin imkanlarını artırır.
Artıq tam rahatlıqla deyə bilərik ki, Türk dövlətlərinin birlik, inteqrasiya və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan əməkdaşlıq modeli ideyadan reallığa çevrilməkdədir. Türk Dövlətlər Təşkilatı XXI əsrin yeni geosiyasi qütblərindən biridir. Qəbələ görüşü və Qəbələ Bəyannaməsi bu reallığın siyasi müstəvidə ifadəsidir”, – deyə M.Ələsgərli əlavə edib.
