Bakıdakı 8 nömrəli tam orta məktəbdə igid döyüşçü, Avey qəhrəmanı Vəfa Dəmirçioğlunun (Mansurova) xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəl iştirakçılar şəhidin ömür və döyüş yolunu əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib, qəhrəman döyüşçünün və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidin göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Vəfa Dəmirçioğlu Azərbaycan qadınlarının igidlik ənənələrini davam etdirərək tariximizdə silinməz iz qoymuş qəhrəmanlardandır.
Anım mərasimi çərçivəsində qəhrəmanın həyat və döyüş yolunu əks etdirən qısametrajlı film nümayiş etdirilib. Şagirdlərin ifasında Vəfa Dəmirçioğluna həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Tədbir vətənpərvərlik ruhunda təqdim olunan bədii kompozisiyalarla davam etdirilib.
Daha sonra şair-publisist, şəhidin bacısı Zərəngiz Dəmirçi Qayalı çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, Vəfa Dəmirçioğlu ilə bağlı xatirələrini bölüşərək onun keçdiyi şərəfli döyüş yolundan ətraflı bəhs edib.
Xalq artisti Eldost Bayram çıxışında şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışaraq onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb.
Tədbirdə, həmçinin “Mişov dağı” dərgisinin baş redaktoru Aqşin Ağakərəmli, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin rəhbəri Şamil Sabiroğlu və digər natiqlər çıxış edərək qəhrəman haqqında öz fikirlərini bölüşüblər. Onlar Vəfa Dəmirçioğlunun göstərdiyi şücaətləri yüksək qiymətləndirərək onun Vətən üçün əvəzolunmaz olduğunu söyləyiblər.
Qeyd edilib ki, Vəfa Dəmirçioğlu 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1973–1983-cü illərdə həmin kənddəki 2 nömrəli orta məktəbdə təhsil alıb. O, düşüncəsi, vətənpərvərliyi və çevikliyi ilə hər zaman seçilib. 1993-cü ildə doğma kəndi Daş Salahlını müdafiə etmək üçün könüllü olaraq silaha sarılıb, düşmənə qarşı mübarizədə böyük şücaət göstərib. Döyüş zamanı aldığı ağır zədə nəticəsində uzun müddət müalicə alsa da, 1998-ci il aprelin 25-də vəfat edərək ömrünü Vətən yolunda başa vurub. Vəfatından 19 il sonra Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda yerləşən Şəhidlər xiyabanında onun adına “Şəhidlərin qız qardaşı-Vəfa Mansurova (Dəmirçioğlu)” bulaq xatirə-kompleksi inşa olunub.
Natiqlər Vəfa Dəmirçioğlunun və torpaqlarımızın ərazi bütövlüyü uğurundan canlarından keçən bütün şəhidlərin xatirəsinin ürəklərdə yaşayacağını söyləyiblər.
