“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, yazıçı-publisist Zərifə Quliyevanın şəhid və qazilərə həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” adlı kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitab Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin, sağlamlığını Vətən yolunda fəda edən qazilərin ömür yoluna, döyüş salnaməsinə və xalqımızın qəhrəmanlıq yaddaşına həsr olunub. Nəşrdə şəhidlik ucalığı, qazi dəyanəti, milli birlik, vətənpərvərlik ruhu və dövlətçilik düşüncəsi əsas xətt kimi təqdim edilir.
“Qəhrəmanlıq zirvəsi” kitabında Ulu Öndər Heydər Əliyevin şəhidlik zirvəsi haqqında dəyərli fikirlərinə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizə, qazilərimizə və onların ailələrinə göstərdiyi yüksək ehtirama, Birinci vitse-prezident Mehriban Əliyevanın qəhrəman övladlarımızla bağlı mənəvi dəyərləndirmələrinə geniş yer ayrılıb.
Nəşrin bölmələri “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Dövlətin ən güclü dayağı ordunun ruhudur”, “Qəhrəmanlıq zirvəsinin fatehləri – əbədiyar şəhidlər”, “Qazilərimiz qürurumuzdur”, “Şəhidlər xiyabanı – Müqəddəs ziyarətgah” kimi başlıqlar altında tərtib olunub. Kitabda şəhidlərin və qazilərin adları ehtiramla təqdim edilir, onların Vətən sevgisi, ailə dəyərləri, döyüş yolu və xalq qarşısındakı mənəvi xidmətləri oxucuya çatdırılır.
Müəllif hər bir qəhrəman taleyinə ana duasının, Vətən sevgisinin və xalq minnətdarlığının işığında yanaşıb. Kitabın əsas qayəsi şəhidlik zirvəsinin Azərbaycan xalqının mənəvi ucalıq rəmzi, qazilik adının isə Vətənə sədaqətin canlı abidəsi kimi təqdim olunmasıdır.
Qeyd edək ki, Zərifə Quliyeva uzun illərdir ictimai fəaliyyəti, humanist təşəbbüsləri, şəhid ailələri və qazilərə göstərdiyi diqqət, milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyəti ilə tanınır. “Qəhrəmanlıq zirvəsi” kitabı da müəllifin Vətənə, dövlətçiliyə, şəhidlərə və qazilərə sonsuz ehtiramının ifadəsidir.
