Bu gün Azərbaycan Ordusunun yaradılmasının 108-ci ili tamam olur. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu gün – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin bu Fərmanı tarixi varisliyə və dövlətçilik irsimizə sədaqətin nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Xanlar Fətiyevin “Qalib Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün siyasi mərhələlərdə hərbi məsələləri xüsusi diqqət mərkəzində saxlayıb. Sovet dövründə Azərbaycan müstəqil olmasa da, Heydər Əliyev azərbaycanlı gənclərin hərb peşəsinə yiyələnmələri üçün böyük işlər görmüşdü və bunun ən böyük nümunələrindən biri 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılması idi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, ordu sıralarında azərbaycanlı zabitlərin sayının çoxalmasına böyük töhfə verdi. Bundan başqa, məhz Heydər Əliyevin sayəsində Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı artdı. Habelə SSRİ-nin digər nüfuzlu hərbi məktəblərinə də azərbaycanlı gənclərin güzəştli şərtlərlə qəbul edilmələri mümkün oldu. Buna görə də Azərbaycanın müasir tarixində ordunun inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikamıza rəhbərlik edənlər ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan və hərbi hissələrdən əsər-əlamət yox idi. Yalnız nizam-intizamdan uzaq hərbi dəstələr vardı ki, onlar da ayrı-ayrı qüvvələr və şəxslər tərəfindən idarə olunurdu. Ona görə 90-cı illərin əvvəllərində torpaqlarımızı Ermənistanın işğalçı hücumlarından müdafiə etmək mümkün olmadı.
Müstəqil Azərbaycanda nizami ordu quruculuğu yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlamasından sonra həyata keçirdiyi ilk tədbirlər Ermənistanın işğalçı hücumlarının qarşısının alınması və ölkənin müdafiə potensialının hərəkətə gətirilməsi oldu. 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət edən Ulu Öndər ölkənin taleyi üçün böüyk əhəmiyyət daşıyan çağırış səsləndirdi. “İndi bizim ordumuz yaradılmalı və qurulmalıdır”. Bu tarixi müraciətlə həm də respublikamızda Heydər Əliyevin Ali Baş Komandanlığı ilə nizami ordu quruculuğu başlandı. Nizami hərbi hissələrin formalaşdırılması tezliklə cəbhə xəttində vəziyyətin dəyişməsinə gətirib çıxardı.
Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 1994-cü ilin əvvəllərində cəbhənin Füzuli rayonu və Murov dağı istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. Ordumuz işğalçı qüvvələri darmadağın edərək bir sıra yaşayış məskənlərini və strateji yüksəklikləri azad etdi.
1994-cü ilin may ayında cəbhədə atəşkəsin elan edilməsi ordu quruculuğunu daha vüsətlə həyata keçirmək üçün əlverişli zəmin formalaşdırdı. Həmin dövrdən etibarən hərbi hissələrin komplektləşdirilməsi, müxtəlif qoşun növlərinin formalaşdırılması başa çatdırıldı. Ordunun silah və hərbi texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz addımlar atıldı. O cümlədən hərbi təhsil məsələləri diqqət mərkəzində saxlanıldı, hərbi məktəblər qabaqcıl standartlar əsasında yenidən quruldu. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Bütövlükdə, həyata keçirilən tədbirlər – döyüş qabiliyyətinin artırılması, peşəkarlığın yüksəldilməsi, hərbi təhsildə müasir standartların tətbiqi Azərbaycan Ordusunu daha da gücləndirdi.
Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin tərkibinə daxil olan bütün hərbi strukturların döyüş qabiliyyətinin artırılması Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən biridir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən dövrün reallıqları da göstərir ki, dövlətimizin başçısı ordu ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxlayıb. Bunu dövlət büdcəsindən hərbi məqsədlər üçün ayrılan xərclərin hər il artırılması, Silahlı Qüvvələrin arsenalının ən müasir silah və texnika ilə gücləndirilməsi, hərbçilərin sosial rifahının yüksəldilməsi və sair bu kimi amillər də təsdiq edir. Bütün bunların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri modern və yüksək döyüş hazırlığına malik hərbi gücə çevrildi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman açıq şəkildə bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad edəcək. Bu mənada hələ 44 günlük Vətən müharibəsindən illər öncə məlum idi ki, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad etməyə qadirdir. Bunu 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı da təsdiq edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ölkəmizdə aparılan uğurlu ordu quruculuğu siyasətinin parlaq nəticəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə modernləşən Silahlı Qüvvələrimiz döyüş meydanında düşməni darmadağın etməklə öz gücünü bütün dünyaya nümayiş etdirdi. İşğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı fəaliyyətlərə son qoyulması Azərbaycanın hərbi qüdrətinin və peşəkar döyüş imkanlarının ən möhtəşəm təsdiqi oldu. Ermənistanın onilliklər ərzində yaratdığı mürəkkəb müdafiə istehkamları və mühəndis maneələri qısa müddətdə yarıldı, qarşıya qoyulan bütün strateji vəzifələr yüksək dəqiqlik və peşəkarlıqla icra olundu. Bu tarixi uğurlar Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən hazırlıqlı hərbi gücləri sırasında layiqli yer tutduğunu əyani şəkildə göstərdi.
Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Lakin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin ən yüksək səviyyədə olması bu gün də diqqət mərkəzindədir. Bunu son illərdə ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsini təmin edən tədbirlərin həyata keçirilməsi, o cümlədən hərbi xərclərin artırılması da təsdiq edir. Vətən müharibəsindən sonra yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbçilərdən ibarət komando hərbi hissələrinin yaradılması ordumuzun döyüş qabiliyyətini daha da yüksəldib. Hərbi büdcəyə gəldikdə, 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib. Bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanları daha da yüksəlib. Vətən müharibəsindəki tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə ötən il noyabrın 8-də Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən yeni hərbi texnikalar da Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması prosesinin uğurla davam etdirildiyini göstərdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Xalqımızın qürur mənbəyi olan qalib Silahlı Qüvvələrimiz bundan sonra da ölkəmizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olacaq.
