Qax rayonunda “Gənc sahibkarlarla gələcəyə addım” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru və Qax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Qax rayon nümayəndəliyi və Şəki-Zaqatala Regional Məşğulluq Filialının Qax xidmət şöbəsinin dəstəyi ilə keçirilən təlimin məqsədi bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.
Təlimdə gənclər və idman sektorunun baş məsləhətçisi İlqar Qədimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova, KOBİA-nın Qax rayonu üzrə nümayəndəsi İmam İmamlı, Şəki-Zaqatala Regional Məşğulluq Filialının Qax xidmət şöbəsinin baş mütəxəssisi Məhəmməd Tarverdili çıxış edərək, ölkəmizdə gənc sahibkarlara yaradılan şəraitdən bəhs edib, gənclərə biznesin inkişaf etdirilməsinin yolları barədə ətraflı məlumat veriblər.
Gənc sahibkar İbrahim Paşazadə çıxış edərək, öz sahibkarlıq təcrübəsini iştirakçılarla bölüşüb.
Fikir mübadiləsi şəraitində keçirilən təlim zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb.
