Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin statusu rəsmən dəyişdirilərək “qaz təchizatı subyektləri” kimi təsnif edilib və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nəzarət dairəsi genişləndirilib.
Yeni nizamnamə tənzimləməsinə əsasən, bu sahədə nəzarət və hesabatlılıq mexanizmi vahid “qaz paylayıcısı” anlayışından çıxarılıb. Bundan sonra dövlət tənzimləməsi birbaşa qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru, qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə satıcıları əhatə edəcək. Şirkətlərin hüquqi statusundan asılı olmayaraq, qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyəti ilə məşğul olan bütün hüquqi şəxslər, istehlakçılar və iri sənaye obyektləri yeni dövlət nəzarəti qaydalarına tabe ediləcək.
Fərmanla həmçinin qurumların səlahiyyət paralelliyi aradan qaldırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin qaz təchizatı sahəsindəki bəzi nəzarət səlahiyyətləri ləğv olunub. Bununla yanaşı, qanunvericiliyin unifikasiyası məqsədilə 2019, 2021 və 2023-cü illərə aid olan və öz qüvvəsini itirmiş bir sıra köhnə tətbiq fərmanlarının müvafiq bəndləri rəsmi olaraq ləğv edilib.
