Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Vaşinqtonda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin direktoru Bredli Smitlə danışıqlar zamanı ABŞ sanksiyalarının Qazaxıstan iqtisadiyyatına təsirinin minimuma endirilməsini müzakirə edib. Bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı tərəflər ABŞ-ın sanksiyalarının Qazaxıstan iqtisadiyyatına gözlənilməz nəticələrinin minimuma endirilməsi məsələlərini və hazırkı məhdudiyyətlər altında tərəfdaşlarla qarşılıqlı əlaqənin praktiki aspektlərini müzakirə ediblər”, – məlumatda deyilir.
Bildirilir ki, tərəflər “qarşılıqlı hörmətə əsaslanan açıq, praqmatik və şəffaf dialoqa” sadiq olduqlarını təsdiqləyib və məsləhətləşmələri davam etdirməyə razılaşıblar. (Tass)
