Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatların iştirakı ilə Bakıda keçirilən forum türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır və yüksək məmnunluq doğurur. Tədbirin Azərbaycanın təşəbbüsü ilə paytaxt Bakıda və Naxçıvanda təşkil olunması xüsusi vurğulanmalıdır. Forumun hazırlıq və təşkilati mərhələlərinin yüksək peşəkarlıqla icra edilməsi, ümumi işin keyfiyyətinin isə iştirakçılar tərəfindən müsbət qiymətləndirilməsi sevindirici haldır və ölkəmizin bu cür genişmiqyaslı tədbirlərə yüksək ev sahibliyi təcrübəsindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.
Onun sözlərinə görə, indiyədək qeyri-hökumət təşkilatlarının türk dövlətlərindəki tərəfdaş qurumlarla əməkdaşlığı məhdud səviyyədə idi və demək olar ki, kifayət qədər hiss olunmurdu. Hazırda isə bu əlaqələrin institusional əsasda qurulması və daha geniş miqyasda inkişaf etdirilməsi üçün real imkanlar formalaşıb. İqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xüsusi qeyd olunmalıdır və bu məsələlər Forumda da geniş müzakirə edildi. Bu əməkdaşlıqlar regionda sabitliyin möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi və diplomatik əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır. Forum çərçivəsində aparılan digər müzakirələr aktual mövzulara həsr olunub və geniş maraq doğurub.
“Panel müzakirələrdə, həmçinin Zəngəzur dəhlizi mövzusu diqqət mərkəzində olub. Türk dövlətlərindən olan nümayəndələr bildiriblər ki, Zəngəzur dəhlizinin açılması Qafqaz, Avropa və Mərkəzi Asiya ölkələri üçün yeni inkişaf imkanları yaradacaq, iqtisadi və logistik əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Bu məsələ ətrafında aparılan müzakirələrlə yanaşı, tədbir çərçivəsində qeyri-hökumət təşkilatları, dövlət qurumları və müxtəlif türk dövlətlərini təmsil edən nümayəndələrlə ikitərəfli görüşlərin keçirilməsi də qarşılıqlı əməkdaşlığın əhəmiyyətini daha da ön plana çıxarıb. Həmin görüşlər gələcək birgə fəaliyyət üçün möhkəm baza yaradıb. QHT-lərin isə prosesə fəal şəkildə qoşulması türk dövlətləri arasında tərəfdaşlığın daha da dərinləşməsinə mühüm stimul verəcək. Gözlənilir ki, bu əməkdaşlığın genişlənməsi türk dövlətlərinin birgə fəaliyyətini daha da gücləndirəcək, regional sabitliyin və inkişafın möhkəmlənməsinə ciddi töhfə olacaq”, – deyə İ.Rzazadə vurğulayıb.
