Dünyada baş verən geosiyasi transformasiyalar fonunda Azərbaycanın təbii qaz və neftinin beynəlxalq bazarlara dayanıqlı, sabit və təhlükəsiz şəkildə tədarükünün təmin edilməsi istiqamətində atdığı addımlar enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
Ekspert qeyd edib ki, qlobal qaz tələbatı ötən əsrin 70-ci illərinin əvvəlindən bəri dörd dəfədən çox artıb. Onun sözlərinə görə, təbii qaza olan qlobal tələbatın gələcək perspektivləri əvvəlki dövrlərlə müqayisədə daha maraqlı görünür və qarşıdakı illərdə təbii qaz dünyanın müxtəlif regionlarında fərqli tələbat trayektoriyaları və müxtəlif funksiyalarla çıxış edəcək.
“Azərbaycanın qaz ixrac imkanlarının konfiqurasiyası əsasən Qərb istiqamətinə yönəldiyindən, ixrac marşrutlarımızın keçdiyi bazarlarda Azərbaycan təbii qazı inkişaf üçün yanacaq, keçid yanacağı və ehtiyat enerji mənbəyi funksiyalarını yerinə yetirəcək”, – deyə Z.Vəliyev vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ilin fevralından davam edən Rusiya–Ukrayna müharibəsi nəticəsində Rusiya neftinin beynəlxalq bazarlara ixrac imkanlarının məhdudlaşdırılması, həmçinin Yaxın Şərqdəki böhran fonunda Hörmüz boğazı vasitəsilə neft tədarükünün pozulması riskləri enerji təchizatı, qiymətlər və qlobal iqtisadiyyat üzərində təzyiqləri artıran əsas amillərdən biri olaraq qalır.
Ekspert hesab edir ki, yaranmış vəziyyətdə Azərbaycanın “Azeri Light” və “BTC Blend” markalı ixrac nefti Qara dəniz və Aralıq dənizi regionunda yüngül və ağır neft çeşidləri arasındakı balansın tənzimlənməsində daha mühüm rol oynayacaq.
Z.Vəliyev bildirib ki, təchizat zəncirinin sabitliyi və enerji axınlarının təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Ceyhan neft kəməri xüsusi əhəmiyyət daşıyır.
“Bu mənada Azərbaycan nefti və qazı mövcud enerji böhranı şəraitində beynəlxalq bazarlar üçün asan əldə olunan və etibarlı enerji mənbələri kateqoriyasına aid edilir”, – deyə Zəfər Vəliyev əlavə edib.
