Müasir beynəlxalq münasibətlər sistemində enerji amili artıq yalnız iqtisadi inkişaf göstəricisi deyil, dövlətlərin siyasi çəkisini, geostrateji imkanlarını və qlobal qərarvermə proseslərinə təsir gücünü müəyyən edən əsas faktorlardan birinə çevrilib. Belə mürəkkəb və dinamik geosiyasi şəraitdə Azərbaycan Respublikasının həyata keçirdiyi enerji siyasəti ölkəmizi regionun sərhədlərini aşaraq beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevirib.
Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu gün əldə etdiyi mövqe qısa müddətdə formalaşmayıb və bu nəticələr ardıcıl dövlət siyasətinin, siyasi qətiyyətin və milli maraqlara əsaslanan strateji idarəçiliyin məhsuludur.
“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilərək ölkəmizin qlobal nüfuzunu daha da gücləndirib. Azərbaycanın enerji strategiyası yalnız mövcud resursların ixracına hesablanmayıb. Əsas məqsəd ölkəni uzunmüddətli perspektivdə enerji təhlükəsizliyi, tranzit imkanları, beynəlxalq əməkdaşlıq və iqtisadi dayanıqlılıq baxımından qlobal əhəmiyyət daşıyan dövlətə çevirmək olub və bu hədəfə böyük ölçüdə nail olunub. Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji layihələrindən biri olmaqla yanaşı, siyasi etimad və beynəlxalq əməkdaşlığın yeni modelidir. Bu təşəbbüs nəticəsində Azərbaycan təkcə enerji daşıyıcılarının ixracatçısı kimi deyil, həm də müxtəlif regionları və dövlətləri ortaq maraqlar ətrafında birləşdirən strateji platformanın müəllifi kimi çıxış edir. TANAP və TAP layihələrinin uğurla reallaşdırılması Avropa ilə Asiya arasında enerji körpüsünün qurulmasına imkan verib. Bu layihələr qlobal enerji bazarında şaxələndirmə proseslərinə mühüm töhfə verməklə yanaşı, ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib”, – deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunu fərqləndirən əsas cəhətlərdən biri enerji resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməməsi, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq qurmasıdır. Bu siyasət nəticəsində ölkəmizin tərəfdaşlıq coğrafiyası ildən-ilə genişlənir. Onun sözlərinə görə, hazırda Azərbaycan qazının 16 ölkəyə ixrac olunması dövlətimizin iqtisadi diplomatiyasının uğurunun və etibarlı enerji siyasətinin real göstəricisidir: “Bu coğrafiyanın genişlənməsi Azərbaycanın artıq yalnız enerji təminatçısı deyil, beynəlxalq enerji sabitliyinin qorunmasında sistem yaradan aktorlardan biri olduğunu nümayiş etdirir. Son illər qlobal enerji bazarında yaşanan dalğalanmalar və geosiyasi risklər fonunda Avropanın enerji siyasətində etibarlı tərəfdaş anlayışı daha çox ön plana çıxıb. Məhz belə bir şəraitdə Azərbaycan öz öhdəliklərinə sadiqliyi və sabit təchizat imkanları ilə xüsusi etimad qazanan dövlətə çevrilib.
Azərbaycanın strateji əhəmiyyəti yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda Avrasiya nəqliyyat və logistika sisteminin mühüm qovşağı kimi çıxış edir. Son illərdə yaradılan müasir infrastruktur layihələri Azərbaycanın beynəlxalq ticarət və yükdaşımada rolunu əhəmiyyətli dərəcədə artırıb.Bu baxımdan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ölkə üzrə formalaşdırılmış müasir logistika infrastrukturu regionun iqtisadi inteqrasiyasında mühüm rol oynayır”.
Deputatın fikrincə, Azərbaycanın təqdim etdiyi tranzit və enerji imkanları Mərkəzi Asiya dövlətlərinin qlobal bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, regionun ümumi iqtisadi dayanıqlığını artırır və yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaradır.
Bəhruz Məhərrəmov vurğulayıb ki, bu uğurların arxasında ilk növbədə güclü siyasi iradə dayanır: “Vaxtilə bir çox beynəlxalq dairələr Azərbaycanın irəli sürdüyü iri enerji layihələrinin perspektivinə şübhə ilə yanaşsa da, həyata keçirilən prinsipial və ardıcıl siyasət nəticəsində həmin təşəbbüslər bu gün qlobal enerji sisteminin ayrılmaz hissəsinə çevrilib”.
