AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hüseyn Əfəndi Qayıbzadə irsi – ənənə və maarifçilik kontekstində” adlı elmi konfrans dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunacaq.
Filialdan bildirilib ki, konfransın əsas məqsədi XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji irsini yenidən qiymətləndirmək, onun milli təhsil sistemimizin formalaşmasındakı rolunu geniş elmi ictimaiyyətə təqdim etmək, eyni zamanda, müasir dövrdə maarifçilik ideyalarının inkişaf istiqamətlərini elmi diskurslarda aktuallaşdırmaqdır. Qayıbzadənin pedaqoji görüşlərinin və maarifçilik fikirlərinin bu gün də öz elmi və sosial əhəmiyyətini qoruması, onun irsinin öyrənilməsini milli-mədəni yaddaşın möhkəmləndirilməsinə və müasir elmi araşdırmaların stimullaşdırılmasına mühüm töhfə kimi dəyərləndirməyə imkan verir.
Konfrans “Hüseyn Əfəndi Qayıbzadənin pedaqoji irsi və müasir təhsil elmlərində interpretasiyası”, “İslam maarifçiliyi və dini düşüncənin elmi-fəlsəfi inkişaf istiqamətləri”, “Dil, ədəbiyyat və mədəni irsin maarifçilik kontekstində filoloji təhlili”, “Müasir cəmiyyətin sosial-psixoloji transformasiyaları və mənəvi dəyərlərin qorunması” və “Humanitar elmlərdə multidisiplinar yanaşmalar: elm, cəmiyyət və milli kimlik kontekstində” bölmələrindən ibarət olacaq.
