Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində tikilən yeni avtomobil körpüsünün iyul ayında istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda köhnə körpünün sökülməsi və qalıqlarının ərazidən daşınması işləri aparılır. Paralel olaraq yeni körpünün dayaq svaylarının vurulmasına da başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə yenilənən körpünün eni 12, uzunluğu 63 metr olacaq. Layihəyə əsasən, müasir standartlara uyğun inşa olunan körpü 3 aşırımlıdır.
Xaçmaz rayonu 4 nömrəli Yol İstismarı MMC-nin baş mühəndisi Cəlaləddin Musayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, on minədək əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşmüşdü.

“Bu körpü yerli əhali üçün olduqca vacib ərazidə yerləşir. Buradan 10 mindən çox əhali rayon mərkəzinə getmək, yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satış mərkəzlərinə çatdırmaq üçün istifadə edir. Köhnə körpü selin təsirindən yararsız vəziyyətə düşdüyündən onun yerində yenisini tikmək qərara alınıb. Tikinti işləri yeni başlayıb. İşlərin qısa müddətdə başa çatdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub. Hava şəraiti münasib olarsa, körüpünün tikintisi dörd ay ərzində başa çatdırılacaq”, – deyə Cəlaləddin Musayev söyləyib.
Yeni körpü əvvəlkindən 9 metr uzun və 3 metrə enlidir. Körpünün hər iki tərəfində piyadalar üçün 1,3 metr enində hərəkət zolağı nəzərdə tutulub.
Körpüdən Xaçmazın Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba və başqa kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün istifadə edir.
Hazırda sakinlər körpünün yaxınlığında çayın içindən salınmış alternativ yolla hərəkət edirlər.
