Reuters agentliyinin məlumatına görə , sosial mediada videoların paylaşılmasının İranın ABŞ hədəflərini daha effektiv şəkildə hədəfə almasına kömək edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Yaxın Şərqdəki bəzi ABŞ hərbçilərinə mobil telefonlarını təhvil vermələri əmri verilə bilər.
Mənbənin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper orduya ünvanladığı məktubda bu cür məlumatların yayılmasının risklərini açıqlayıb. Məktubda deyilir ki, İran hücumlarının effektivliyini real vaxt rejimində qiymətləndirmək üçün sosial mediadan video və görüntülərdən istifadə edə bilər. Kuper xəbərdarlıq edib ki, bu cür məlumatların yayılması Fars körfəzində “Amerika hərbçilərinin və mülki şəxslərin həyatına başa gələ bilər”. Kuper orduya “əməliyyat təhlükəsizliyinə daha çox diqqət yetirməyə” çağırıb, lakin konkret tədbirləri qeyd etməyib.
Reuters mənbələri bildirib ki, İordaniyadakı bəzi ABŞ əsgərlərinə yaxın günlərdə telefonlarını təhvil vermək əmri verilib. Agentliyin mənbələrindən biri bu tədbirin regiondakı digər ölkələrə də tətbiq oluna biləcəyini bildirib. (Tass)
