“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağda keçiriləcək tədbirlər də xüsusi rəmzi məna daşıyır.
“Uzun illər işğal altında qalmış ərazilərimizdə mədəni həyat yenidən canlanır, tarixi abidələr bərpa olunur, yeni elm və təhsil ocaqları fəaliyyətə başlayır. Qarabağın Türk dünyasının alim və ziyalılarını qəbul etməsi Azərbaycanın mədəni dirçəlişinin mühüm göstəricilərindən biridir. Azərbaycan bu mühüm yubiley tədbirinə ev sahibliyi etməklə Türk dünyasının elmi-mədəni inteqrasiyasına öz töhfəsini verməkdən böyük qürur hissi duyur”.
Səadət Yusifova bildirib ki, hazırda Türk dünyası yeni inkişaf mərhələsini yaşayır:
“Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir”.
