Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti Silahlı Qüvvələr Gününü böyük uğurlarla, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirərək qarşılayır.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov səsləndirib. O vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalçı qüvvələri darmadağın edərək ölkənin ərazi bütövlüyünü bərpa edib və bununla da Ali Baş Komandanın hələ Aprel döyüşlərindən sonra ordu haqqında söylədiyi yüksək qiymətin doğruluğunu əməli fəaliyyəti ilə təsdiqləyib.
“Prezident İlham Əliyev Aprel döyüşlərindən sonra bildirmişdi ki, Azərbaycan Ordusu qısa müddətdə işğalçı qüvvələri darmadağın etməyə qadirdir. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bütün dünyaya nümayiş etdirdi, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. 2023-cü ildə həyata keçirilən birgünlük lokal antiterror tədbirləri zamanı da ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi, qanunsuz silahlı birləşmələri zərərsizləşdirərək ölkəmizin bütün ərazisində dövlət suverenliyini tam təmin etdi”, – deyə ekspert bildirib.
Şair Ramaldanov qeyd edib ki, regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu Zəfərdən sonra da inkişafını uğurla davam etdirir.
“Prezident İlham Əliyev çıxışlarının birində “Azərbaycan Ordusuna nə lazımdırsa, alınacaq” fikrini səsləndirib və bu siyasət ardıcıl şəkildə həyata keçirilir.
Ali Baş Komandan Azərbaycan Ordusunun həm müasir silah və hərbi texnika ilə təchiz olunmasını, həm də hərbi qulluqçuların sosial təminatının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bu gün ordumuz bütün istiqamətlər üzrə tam təmin olunur və müasir hərbi prinsiplərə uyğun şəkildə inkişaf edir. Hazırda Azərbaycan Ordusunun qarşısında duran ən mühüm vəzifələrdən biri Türkiyə Silahlı Qüvvələrinin modelinə keçid prosesinin tam başa çatdırılmasıdır.
Bu istiqamətdə artıq çox böyük islahatlar həyata keçirilib. Həm kadr hazırlığında, həm idarəetmə sistemində, həm də digər sahələrdə mühüm yeniliklər tətbiq olunub. Qardaş Türkiyə Ordusunun modelinə uyğunlaşma ilə bağlı qarşıya qoyulan tapşırıqlar mərhələli şəkildə icra edilir və hazırda bu proses son mərhələyə qədəm qoyub”, – deyə Şair Ramaldanov qeyd edib.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri sülhsevər dövlətin ordusudur və onun gücü bu gün regionda təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından biri kimi qəbul olunur.
“Azərbaycan Ordusunun gücü regionda sabitliyin və təhlükəsizliyin qorunması deməkdir. Ordumuz ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini qorumaq istiqamətində qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə tam hazırdır və buna qadirdir. 44 günlük Vətən müharibəsi XXI əsrin tələblərinə cavab verən müasir müharibə modeli kimi tarixə düşüb.
Azərbaycan Ordusunun tətbiq etdiyi taktiki yeniliklər sonrakı dövrdə dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrdə də diqqətlə öyrənilməyə və tətbiq olunmağa başlanıb. Bu gün Azərbaycan Ordusu əldə etdiyi döyüş təcrübəsini daha da inkişaf etdirərək müasir hərb sahəsində öz üstünlüyünü qoruyub saxlayır”, – deyə o bildirib.
Ekspert sonda qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da dövlətə və xalqa sədaqətlə xidmət edərək ölkənin təhlükəsizliyinin və milli maraqlarının etibarlı müdafiəsini təmin etməyə hazırdır.
