“Report”un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarusun Baş naziri Aleksandr Turçinlə görüşündə bildirib.
S.Şərifovun sözlərinə görə, Azərbaycan-Belarus münasibətlərinin gündəliyində ən mühüm yeri iqtisadi əməkdaşlıq tutur: “Dünya iqtisadiyyatında baş verən mürəkkəb proseslərə baxmayaraq, ölkələrimiz qarşılıqlı ticarətin müsbət dinamikasını qoruyub saxlamağa və işgüzar qarşılıqlı əlaqələrin istiqamətlərini genişləndirməyə nail olur. 2026-cı ilin dörd ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin artımı ötən ilin bənzər dövrü ilə müqayisədə 11 %-i (158 milyon dolları) ötüb. Hesab edirik ki, ticarət dövriyyəsinin daha da artırılması və qarşılıqlı ticarətin strukturunun şaxələndirilməsi üçün yollar var”.
Baş nazirin müavini vurğulayıb ki, ticarət dövriyyəsinin artmasına və qarşılıqlı ticarətin strukturunun şaxələndirilməsinə Belarus müəssisələrinin Azərbaycanda qurulmuş geniş diler şəbəkəsi, eləcə də Belarusdakı Azərbaycan Ticarət Evinin fəaliyyəti kömək edə bilər.
“Belarus hökumətinin xüsusi idxalçı statusu vermək və Azərbaycandan şərab məhsullarının idxalı üçün əlavə kvotalar ayırmaq yolu ilə Azərbaycan Ticarət Evinin fəaliyyətini dəstəkləməsini biz bu istiqamətdə praktiki və səmərəli addım kimi görürük. Hər iki ölkənin sahibkarları arasında investisiya əlaqələrinin gücləndirilməsi, birgə layihələrin irəli sürülməsi və sonrakı reallaşdırılması qarşılıqlı ticarətin artmasına təkan verən daha bir güclü amildir”, – o bildirib.
Baş nazirin müavini qeyd edib ki, Minskdə keçirilən Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası ikitərəfli əməkdaşlığın aktual məsələlərinin gələcəkə reallaşdırılmasının sürətləndirilməsinə öz töhfəsini verəcək.
“Bu gün səhər dar formatda keçirilən görüş zamanı biz Natalya Vladimirovna Petkeviçlə (Belarusun Baş nazirinin müavini – red.) gündəliyin aktual məsələlərini ətraflı şəkildə nəzərdən keçirdik. Ayrı-ayrı layihələrin müsbət dinamikasını qeyd etdik. Eyni zamanda “dar boğazlar”ın (maneələrin) aradan qaldırılmasına xüsusi diqqət yetirdik, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi, xüsusən də mövcud problemli məsələlərin ən qısa zamanda həll edilməsi üzrə əlavə tədbirlər görməyə razılaşdıq. Daha sonra biz Bakı və Minsk arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın cari prioritetlərinə, ticarətin genişləndirilməsi və ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması yollarına, ikitərəfli əməkdaşlığın reallaşdırılmamış potensialından istifadə olunmasına dair Belarusun baxışını dəqiqləşdirdik. Öz tərəfimdən əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarına dair Azərbaycanın yanaşmalarını diqqətə çatdırdım”, – Ş.Şərifov əlavə edib.
