Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı həm mövcud iqtisadi nəticələrin dəyərləndirilməsi, həm də qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mesajlarla zəngin oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.
Deputat diqqətə çatdırıb ki, son 12 ildə Cənub Qaz Dəhlizi təşəbbüsü regional layihədən qlobal enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib: “Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə olması enerji diplomatiyasının iqtisadi nəticələrini açıq şəkildə göstərir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması Avropa bazarında mövqelərin möhkəmləndiyini göstərir. Eyni zamanda, Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni bazarlara çıxış imkanlarını genişləndirir və ixracın şaxələndirilməsi strategiyasını gücləndirir”.

Cənub Qaz Dəhlizinin tam yüklənmiş vəziyyətdə olmasının əlavə investisiyalara ehtiyac yaratdığını qeyd edən deputat deyib: “Yeni interkonnektorlar, ötürücü xətlər və qazpaylama şəbəkəsinin modernləşdirilməsi qarşıdakı mərhələnin prioritetlərindəndir. “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildən “Şahdəniz” üzrə yeni mərhələnin başlanması 10–15 milyard kubmetr əlavə qaz hasilatı potensialı yaradır. Bu isə həm ixracın artırılması, həm də daxili enerji balansının optimallaşdırılması baxımından mühüm iqtisadi perspektivdir. Enerji strategiyasının mühüm istiqamətlərindən biri də yaşıl enerji gündəliyidir. 240 meqavat gücündə külək elektrik stansiyasının və 230 meqavat gücündə Günəş elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payını artırır. 2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji gücünün yaradılması ilə bağlı imzalanmış müqavilələr ölkəyə milyardlarla dollar investisiya cəlb olunmasını və yeni sənaye sahələrinin formalaşmasını şərtləndirir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında əsas məqamlardan biri enerji siyasətinə praqmatik yanaşmadır: “Qazıntı yanacaqları ilə bərpaolunan enerji mənbələrinin balanslı vəhdəti Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarına cavab verir. Ölkənin qaz ehtiyatlarının onilliklər boyu kifayət etməsinə baxmayaraq, paralel şəkildə yaşıl enerji sahəsinə milyardlarla investisiya yatırılması iqtisadi diversifikasiyanın və gələcək risklərin idarə edilməsinin göstəricisidir. Bakıda keçirilən iclaslar göstərdi ki, Azərbaycan enerji bazarında təkcə təchizatçı deyil, həm də strateji planlaşdırıcı və investisiya mərkəzidir. Şaxələndirilmiş ixrac, genişlənən infrastruktur, bərpaolunan enerji gücü və beynəlxalq tərəfdaşlıq ölkənin enerji təhlükəsizliyini iqtisadi dayanıqlılıq və qlobal təsir imkanları ilə birləşdirən kompleks model formalaşdırdığını göstərir. Bu model yaxın illərdə Azərbaycanın regional və qlobal enerji arxitekturasındakı mövqeyini daha da gücləndirəcək”.
