Meksika Kubaya humanitar yardım göndərməyə davam edəcək və Havananın Rusiyadan aldığı nefti tədarük etmək planı yoxdur. Bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib.
“Bəli, onlar (kubalılar) Rusiyadan neft alırlar, ona görə də biz digər humanitar dəstək formalarına diqqət yetiririk”, – deyə dövlət başçısı adaya yanacaq göndərilməsinin mümkünlüyü ilə bağlı suala cavab verib. Prezidentin sözlərinə görə, humanitar yardım daşıyan gəmi bazar ertəsi günü Kubaya yola düşür. “Meksika həmişə dünyanın bütün ölkələri, xüsusən də Kuba ilə qardaşlıq və həmrəylik içində olacaq. Biz xalqların öz müqəddəratını təyin etməsinə inanırıq”, – deyə o qeyd edib.
Dövlət başçısı xatırladıb ki, Meksika hakimiyyəti 1962-ci ildə adanın ABŞ tərəfindən blokadaya alınması ilə heç vaxt razılaşmayıb. “Biz ehtiyacı olan insanlara humanitar yardım göndərməyə davam edəcəyik”, – deyə siyasətçi əlavə edib. (Tass)
