Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova səsləndirib.
Onun sözlərinə görə, Qanun layihəsinə bir neçə mühüm hüquqi yeniliklər əlavə edilib. Onlardan biri uşaq hüquqları ilə bağlı bir sıra yeni anlayışların dəqiq hüquqi tərifinin verilməsidir. Xüsusilə “uşağın üstün mənafeyi” anlayışı ilk dəfə ətraflı şəkildə izah edilir və qanunun digər fəsillərində də bu prinsipə istinad edilir. Digər tərəfdən, uşaqlara qarşı zorakılığın formaları da genişləndirilib. Fiziki, cinsi və psixoloji zorakılıqla yanaşı, uşaqlara qarşı etinasız rəftar, onları təhlükədə qoymaq, istismar etmək, davamlı təzyiq və aqressiv davranışa məruz qoymaq da zorakılığın formaları kimi müəyyən edilib.
“Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsinin tələb kimi müəyyən edilməsidir. Bu öhdəlik dövlət orqanları ilə yanaşı, bələdiyyələrə və qeyri-hökumət təşkilatlarına həvalə edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət imkanlarının məhdud olması nəzərə alınaraq, onların vaxtında aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi üçün qanun layihəsində xüsusi mexanizm nəzərdə tutulur”, – deyə komitə rəsmisi bildirib.
T.İbrahimova qeyd edib ki, hazırda yerlərdə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir. Qanun layihəsi bu komissiyalara çətin həyat şəraitində olan uşaqları aşkar etmək və onlarla bağlı görülməli tədbirləri müəyyənləşdirmək səlahiyyəti verir. Bu tədbirlər çərçivəsində uşağa təcili yardımlar göstərilməlidir. Uşağın həyat və sağlamlığı birbaşa təhlükədə olduqda isə o, ailədən götürülə və sosial xidmətlərə cəlb oluna bilər.
