Müasir dövrdə yanlış məlumatların yayılması və ictimai fikrin yönləndirilməsi qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır. Bu səbəbdən media qurumları, xüsusilə beynəlxalq nüfuza və geniş oxucu kütləsinə malik informasiya vasitələri sülh və təhlükəsizliyə təhdid yaradan həssas məsələlərin işıqlandırılmasında peşəkar bacarıqlarını ən yüksək səviyyədə nümayiş etdirməli, mövcud informasiyanı dəqiq, obyektiv və etibarlı şəkildə təqdim etməlidirlər. Lakin təəssüf ki, özünü peşəkar və obyektiv media qurumu kimi təqdim edən CNN və bəzi digər oxşar media orqanlarının müəyyən dairələrin təsiri altında anti-Azərbaycan xarakterli informasiya kampaniyalarına xidmət etməsinin şahidi oluruq. Qeyd etmək lazımdır ki, hətta ABŞ Prezidenti Donald Tramp CNN-i dəfələrlə “saxta xəbərlər” və “xalqın düşməni” kimi sərt ifadələrlə tənqid edib. Bunun növbəti nümunəsi kimi “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə həqiqəti əks etdirməyən, əsassız və uydurma iddialara yer verilməsi göstərilə bilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov deyib. O bildirib ki, bu kimi əsassız və heç bir sübuta söykənməyən iddialar növbəti dezinformasiya cəhdi və ictimai rəyi çaşdırmağa yönəlmiş kobud manipulyasiya nümunəsidir: “Məqalənin məzmunu bütövlükdə “dörd anonim mənbə”yə istinad üzərində qurulub. Bununla yanaşı, sözügedən yazıda irəli sürülən iddiaları təsdiqləyən heç bir konkret sübut, nə rəsmi sənəd, nə peyk görüntüsü, nə də digər maddi dəlillər təqdim olunmur. Belə olan halda söhbət təsdiqlənmiş faktlardan deyil, yalnız əsassız iddialardan gedir. Bu isə jurnalistikanın əsas prinsipləri olan obyektivlik, dəqiqlik və mənbələrin etibarlılığı ilə ciddi ziddiyyət təşkil edir. Xarici İşlər Nazirliyi bu yalan məlumatı qəti şəkildə təkzib edib. Maraqlıdır ki, rəsmi dövlət qurumunun açıq və məsuliyyətli bəyanatı nəzərə alınmadan, kimliyi məlum olmayan şəxslərin iddiaları daha etibarlı mənbə kimi təqdim edilir. Halbuki əgər həqiqətən də belə bir əməliyyat baş vermiş olsaydı (hansı ki, bu iddianın tamamilə əsassız olduğu açıqdır), onun sübutlarını təqdim etmək məsuliyyəti məhz iddianı irəli sürən tərəfin üzərinə düşür.
Beynəlxalq münasibətlərdə hər hansı ittihamın irəli sürülməsi mütləq şəkildə qəti və yoxlanıla bilən sübutlarla əsaslandırılmalıdır. “Anonim mənbələr bildirir” yanaşması ilə istənilən dövlətə qarşı iddiaların səsləndirilməsi mümkündür. Lakin bu cür iddialar sübuta əsaslanmadığı təqdirdə fakt kimi deyil, daha çox siyasi motivli və qərəzli informasiya kimi qiymətləndirilməlidir”.
Coşqun Məmmədov qeyd edib ki, bu səbəbdən təqdim olunan məlumatların etibarlı dəlillərlə təsdiqlənmədiyi hallarda onların obyektiv həqiqət kimi qəbul edilməsi düzgün deyil: “Şübhəsiz ki, bu cür saxta məlumatlar ölkəmizin milli maraqlarına və beynəlxalq aləmdə formalaşmış müsbət imicinə xələl gətirməyə, həmçinin beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmaqla regionda onsuz da həssas olan hərbi-siyasi vəziyyətin daha da gərginləşdirilməsinə xidmət edən dezinformasiya cəhdlərindən başqa bir şey deyil. Dəfələrlə ən ali səviyyədə bəyan edildiyi kimi, Azərbaycan ərazisində heç bir xarici dövlətin silahlı qüvvələri və ya hərbi bazaları mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat və ya digər bu kimi qeyri-dost məqsədlər üçün istifadəsi mümkün deyil. Ölkəmiz bu cür fəaliyyətlərə nə indiyə qədər icazə vermiş, nə də gələcəkdə bunu nəzərdə tutur. Bu prinsip Azərbaycanın xarici siyasət strategiyasının əsas və dəyişməz istiqamətlərindən birini təşkil edir. Əksinə, Azərbaycan regionda sülhə, sabitliyə və mehriban qonşuluq münasibətlərinə sadiqdir. Ölkə beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir, dövlətlərin suverenliyinə hörmətlə yanaşır və bu strateji kursu qətiyyətlə davam etdirir.
Ölkəmiz həm regionda, həm də dünyada əməkdaşlığın, dialoqun və təhlükəsizliyin möhkəmləndirilməsində, qarşılıqlı siyasi və iqtisadi münasibətlərin inkişafında, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında maraqlıdır. Belə ki, Azərbaycan İran-ABŞ/İsrail münaqişəsinin ən gərgin mərhələsində belə müxtəlif ölkələrin vətəndaşlarının sərhəd-keçid məntəqəsi vasitəsilə tam təhlükəsiz şəkildə təxliyəsini təşkil etməklə beynəlxalq humanitar prinsiplərə sadiqliyini nümayiş etdirib. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə ifadə etdiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri artıq reallığa çevrilib. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən və beynəlxalq nüfuzu artan bir ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Mövcud inkişaf və tərəqqini qəbul edə bilməyən anti-Azərbaycan qüvvələrin qərəzli və dezinformasiya xarakterli fəaliyyətlərini müşahidə etdikcə, ölkəmizin düzgün və məqsədyönlü yolda irəlilədiyi bir daha təsdiqlənir”.
