Süni intellekt (AI) dövründə startap qurmaq sadəcə asanlaşmayıb, mahiyyət etibarilə dəyişib. Əvvəllər ideyanı məhsula çevirmək üçün böyük komanda, maliyyə və uzun inkişaf prosesi tələb olunurdu. Bu gün isə süni intellekt bu baryerlərin bir hissəsini əhəmiyyətli dərəcədə azaldır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı süni intellekt üzrə ekspert Dilarə Zamanova deyib.
Onun sözlərinə görə, bir insan və ya kiçik komanda süni intellekt vasitəsilə müxtəlif işləri daha sürətli görə bilir.
“Bura kod yazmaq, bazar araşdırması aparmaq, dizayn hazırlamaq, mətn yaratmaq və məlumatları analiz etmək daxildir. “Stanford”un “2026 AI Index” hesabatına görə, 2025-ci ildə təşkilatların 88 faizi ən azı bir biznes funksiyasında süni intellektdən istifadə edib. Ən böyük dəyişikliklərdən biri ideyadan məhsula keçid sürətidir. Süni intellekt ilə ideyanı daha tez prototipləşdirmək, test etmək və istifadəçiyə təqdim etmək mümkündür. Beləliklə, sahibkar ideyanın yaxşı olduğunu düşünməkdən real istifadəçinin istəyini yoxlama mərhələsinə daha tez keçir. Lakin süni intellekt startap qurmağı asanlaşdırdıqca, yaxşı startap qurmağı çətinləşdirir. Çünki məhsul yaratmaq artıq əvvəlki kimi böyük üstünlük deyil. Bir məhsulun prototipini qısa müddətdə yaratmaq mümkündürsə, rəqib də eyni şeyi edə bilər. Buna görə əsas sual “Mən bunu yarada bilərəmmi?” yox, “Mən bunu niyə başqalarından daha yaxşı edə bilərəm?” sualıdır. Süni intellekt, həmçinin startap ideyasının formalaşmasını da dəyişir. Əvvəllər startaplar çox vaxt mövcud xidmətlərin rəqəmsallaşdırılması üzərində qurulurdu. İndi isə insan əməyini və qərarvermə proseslərini məhsula çevirmək mümkündür. Müştəri dəstəyi, satış analizi, sənəd analizi, tərcümə və kontent hazırlanması buna nümunədir. AI problem tapmaq prosesini də sürətləndirir. Müştəri rəyləri, forumlar, şikayətlər və bazar məlumatları analiz edilərək real problemləri müəyyən etmək mümkündür. Bu, xüsusilə kiçik bazarlardan çıxan sahibkarlar üçün əhəmiyyətlidir”, – deyə ekspert vurğulayıb.
Süni intellektin lokal problemdən qlobal məhsul yaratmaq imkanını da artırdığını deyən Dilarə Zamanova bununla belə, süni intellektdən istifadənin avtomatik olaraq innovativ startap yaratmaq demək olmadığını sözlərinə əlavə edib: “Real problemi həll etməyən məhsula süni intellekt əlavə etmək onu yaxşı biznesə çevirmir. Eyni zamanda, süni intellekt ilə oxşar məhsullar yaratmaq asanlaşdığı üçün diferensiasiya daha vacib olur. Sadəcə böyük dil modelinin API-sinə qoşulub “AI assstant ” yaratmaq güclü rəqabət üstünlüyü sayılmır. Texnologiyaya çıxış demokratikləşdikcə üstünlük modelin özündə deyil, onun hansı problemə və kontekstə tətbiq edilməsində formalaşacaq. Kiçik, çoxfunksiyalı komandalar da daha səmərəli ola bilər. Bir təsisçi süni intellekt vasitəsilə məhsul, marketinq, araşdırma və ilkin texniki işlərin bir hissəsini özü idarə edə bilər. Beləliklə, süni intellekt sahibkarlığı daha demokratik edir, amma rəqabəti də sərtləşdirir. Daha çox insan startap yarada bilir, lakin eyni alətlərdən istifadə edildiyi üçün fərqlənmək çətinləşir. Əsas baryer artıq məhsul yaratmaq deyil, düzgün problemi tapmaq, istifadəçini anlamaq və uzunmüddətli üstünlük yaratmaqdır”.
