Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdəki mövqeyini əks etdirən strateji çıxış idi. Fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda, beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktordur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, dövlətimizin başçısının diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın orta güc dövləti kimi artan roluna dair yanaşmasıdır. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmayıb. Əksinə, vurğulayıb ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir.
“Çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olunub. Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident İlham Əliyev bərpa və quruculuq prosesinə diqqət çəkib. O qeyd edib ki, Forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır. Dövlətimizin başçısının çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutub. O vurğulayıb ki, son onillikdə yaradılan infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verilib.
Enerji təhlükəsizliyi də çıxışın əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da gücləndiyini, qaz ixracının coğrafiyasının genişləndiyini və bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdiyini qeyd edib. Bununla yanaşı, o, enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayaraq enerji təhlükəsizliyinin artıq iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu diqqətə çatdırıb”, – deyə deputat vurğulayıb.
Pərvanə Vəliyeva çıxışın digər mühüm istiqamətinin də Azərbaycanın balanslaşdırılan xarici siyasət kursu ilə bağlı olduğuna diqqət çəkib: “Dövlətimizin başçısı Türkiyə ilə müttəfiqlik münasibətlərindən, Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələyə keçməsindən, ABŞ ilə strateji tərəfdaşlığın genişlənməsindən, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsindən və İslam dünyasında həmrəyliyin vacibliyindən bəhs edib. Bu yanaşma göstərib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan siyasəti prioritet hesab edir.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətində yeni mərhələ konturlarının nümayişidir. Əsas mesaj ondan ibarətdir ki, ölkəmiz postmünaqişə dövrünü yeni inkişaf mərhələsinə çevirib, regional sabitlik, enerji və nəqliyyat təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində daha fəal rol oynamağa hazırdır. Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, prioritetlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma kimi çıxış edib”.
