Şuşa Qlobal Media Forumu Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha bütün dünyaya nümayiş etdirdi. Rəsmi Bakı öz mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bəyan edərək siyasi iradəsini göstərdi. Avropa İttifaqı (Aİ) və bu kimi digər beynəlxalq təşkilatların Azərbaycanın milli maraqlarına zidd olan tələblərinin yerinə yetirliməyəci də diqqətə çatdırıldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov IV Şuşa Qlobal Media Forumunun nəticələrinə münasibət bildirərkən deyib.
O bildirib ki, Prezident İlham Əliyev forumun açılışında Azərbaycanın qlobal siyasətdəki yerini və rolunu dəqiqliklə izah edərək ölkəmizə qarşı qərəzli mövqeyin də olduğunu nəzərə çatdırdı: “Maraq doğuran isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra bu qərəzli münasibət daha da aqressiv xarakter almağa başladı. Araşdırmalardan sonra məlum oldu ki, Avropa İttifaqının rəhbərliyində təmsil olunan Cozef Borel kimi muzdla çalışan “siyasi xadimlər” müxtəlif lobbilərin təsiri altında Azərbaycana qarşı qarayaxma kompaniyası aparır. Əlbəttə ki, bu kompaniyanın aparılması qarşılıqsız olmur. Bir halda ki, Aİ kimi mötəbər bir qurumun rəhbəri elan edilən demokratiya prinsiplərini bir kənara atıb erməli lobbisinin istəyinə uyğun hərəkət edərək Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasına imkan yaradacaqsa onda Azərbaycanın bu qurumda yeri yoxdur. Bu məsələni Prezident İlham Əliyev Forumun açılışında söylədiyi nitqində aydın şəkildə izah etdi: “Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir” – deyən Azərbaycan Prezidenti qurumun ədalətli olmasını zəruriliyini qeyd etdi”.
“Avropa qurumları 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğala, soyqırımına məruz qalmasına göz yumdu. Milyondan artıq insanın öz doğma torpağından, evindən qovulmasına, malının mülkünün yağmalanmasına heç bir münasibət bildirmədilər. Lakin Azərbaycan Qarabağı azad edib regionda əməkdaşlıq üçün yeni reallıqlar yaratdıqdan, sülh prosesi başladıqdan sonra Aİ-nin Azərbaycanı qaralayan sənədlər qəbul etməsi hansı məqsədlərə xidmət edir? Bu sula yuxarıda qismən cavan verdik. Aİ Cozef Borel kimi erməni lobbisinin təsirində olan qərəzli adamların xidməti sahəsində beynəlxalq aləmdə öz nüfuzunu və ona olan inamı itirib. Digər bir məsələ də insan hüquqları və demokratik mühitlə əlaqədardır. Əvvəla onu qeyd edim ki, insan hüquqları məsələsi çoxdandır ki, bu və ya digər dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Şuşa Qlobal Media Forumu Azərbaycanda söz və mətbuat azadlığının olduğunu göstərir. Ölkənin Prezidenti çoxsaylı yerli və beynəlxalq səviyyəli media nümayəndələri qarşısında oturub müxtəlif suallara cavab verir ki, bu da media və jurnalistlərə böyük hörmətin nümayişidir. Başa bir məsələ: Ermənistanda keçirilən mitinq və kütləvi aksiyalarda siyasi mövqeyini ifadə edən insanların döyülməsi, hakimiyyətin siyasi rəqiblərinin həbs edilməsi və digər neqativ hallar nədənsə Aİ-də müzakirə olunmur, sənəd qəbul edilmir. Lakin Azərbaycanda necə deyərlər birinin burnu qanayan kimi aləm dəyir bir birinə. Bütün bunlar Aİ və digər Avropa strukturlarının ikili standartlar siyasətindən çıxış etdiyini deməyə əsas verir ki, bu da Azərbaycan üçün qəbuledilməzdir”, – deyə deputat qeyd edib.
O vurğulayıb ki, Şuşa Qlobal Media Forumunda bu məsələləri dünya ictimaiyyətinə açıqlandı, media nümayəndələri həqiqətin nədən ibarət olduğunu bildilər.
